Ermənistan Apellyasiya Məhkəməsi sahibkar Qagik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddiaları rədd edib.
Çağdaş.Az xəbər verir ki, məhkəmə MSK-nın iki seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərarını qüvvədə saxlayıb.
Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb.
“Əziz həmvətənlər, İnzibati Məhkəmə “Çiçəklənən Ermənistan” Partiyasının MSK-ya qarşı qaldırdığı iki iddianı rədd etsə də, hakim Artur Avakyan qanun pozuntusunu və təkrar səsvermənin keçirilməsinin vacibliyini təsbit edib. Bu səbəbdən biz hamını iyunun 14-ü saat 17:30-da seçkilərin yekunlarının vurulacağı MSK binasının qarşısına toplaşmağa çağırırıq”, – deyə partiya rəsmisi sosial şəbəkə hesabında bəyanat yayaraq digər ictimai-siyasi qüvvələri də onlara qoşulmağa səsləyib.
Vəkil Aram Orbelyan isə iddia ilə çıxış edərək bildirib ki, MSK-nın səsvermənin nəticələrinə yenidən baxılması prosesini özbaşına başlatmağa və ləğv qərarı verməyə ixtiyarı yox idi. Ekspertlərin fikrincə, əgər məntəqələrdə səsvermə etibarsız sayılıbsa, qanuna əsasən, təkrar səsvermə təyin olunmalı idi, lakin bu addım atılmayıb.
Xatırladaq ki, iyunun 12-də MSK iki seçki məntəqəsində səsvermənin nəticələrinə ciddi təsir göstərə biləcək pozuntuların olduğunu əsas gətirərək həmin məntəqələrdəki səsləri etibarsız sayıb. Bir sıra ictimai və siyasi xadimlər isə bu qərarın arxasında Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluğu təmin etmək və “Çiçəklənən Ermənistan” Partiyasının yeni çağırış parlamentə daxil olmasının qarşısını almaq niyyətinin dayandığını vurğulayırlar.
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, Paşinyanın partiyası 49,825%, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281%, eks-prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,934% səs toplayıb. Tsarukyanın partiyası isə 3,996% səs yığaraq parlamentə keçid baryerini aşa bilməyib. Ölkə üzrə seçici fəallığı 58,97% təşkil edib./Musavat.com/
















