Ferrarinin ilk tam elektrikli avtomobili “Luce” hərracda 40 milyon dollara satılaraq indiyədək hərracda satılan ən bahalı yeni avtomobil rekordunu qırıb.
Çağdaş.Az xəbər verir ki, avtomobil ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində RM Sotheby’s hərrac evi tərəfindən təşkil olunan hərracda alıcı tapıb.
May ayında 550 min avro başlanğıc qiyməti ilə təqdim edilən Luce, Ferrari üçün daxiliyanma mühərriklərindən tam elektrik texnologiyasına keçidin simvolu hesab olunur.
Hərraca çıxarılan avtomobil “Şassi 0” nömrəsini daşıyan ilk istehsal nümunəsidir. Ferrari bu modeli “bənzərsiz fürsət” kimi təqdim edib.
Satışdan əldə olunan 40 milyon dolların tamamilə Ferrari Fondunun gələcəyin təhsil layihələrinə yönəldiləcəyi bildirilib.
Avtomobil ABŞ standartlarına uyğun olaraq İtaliyanın Maranello şəhərində xüsusi hazırlanıb və son yoxlamalardan sonra 2027-ci ilin ilk rübündə ad açıqlanmayan sahibinə təhvil veriləcək.
Luce məşhur dizaynerlər Sir Jony Ive və Marc Newsonun yaratdığı LoveFrom kollektivinin iştirakı ilə hazırlanıb.
Texniki göstəricilərinə görə model:
4 elektrik mühərriki ilə təchiz olunub;
122 kVt/saat tutumlu batareyaya malikdir;
1 050 at gücü hasil edir;
0–100 km/saat sürətlənməni cəmi 2,5 saniyəyə yerinə yetirir;
Təxminən 529 kilometr yürüş ehtiyatı təqdim edir.
Standart versiyaların satış qiymətinin 550 min avrodan başlayacağı gözlənilir.
Şirkət rəhbərliyi Luce modelini Ferrari-nin fərdiləşdirmə imkanlarının zirvəsi kimi təqdim etsə də, markanın elektrikli gələcəyi ilə bağlı tənqidlər də səslənir.
Ferrarinin sabiq prezidenti Luka di Montezemolo tam elektrikli modellərə keçidin əfsanəvi Ferrari irsi üçün risk yaratdığını bildirərək Luce layihəsini tənqid edib.


