Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, dekabrın 18–19-da keçiriləcək sammitdə Rusiyaya məxsus aktivlərin müsadirəsi ilə bağlı qərar qəbul edilməzsə, Avropa İttifaqının alternativ planı mövcud deyil.
“Cagdas.az” bildirir ki, Baş nazir “Financial Times”ın jurnalistinin Ukraynaya yönəldilməsi nəzərdə tutulan sözdə “reparasiya krediti”nin verilməməsi halında gələcək addımların nə olacağı ilə bağlı sualını cavablandırarkən deyib:
“Bu barədə düşünmək istəmirəm. Bizim başqa variantımız yoxdur.”
Xatırladaq ki, dekabrın 12-də Aİ Şurası Rusiyaya məxsus suveren aktivlərin müddətsiz dondurulması ilə bağlı qərar qəbul edib. Avropa Komissiyası isə Brüsseldə keçiriləcək 18–19 dekabr sammitində Aİ üzv ölkələrindən təxminən 210 milyard avro dəyərində Rusiya aktivlərinin müsadirəsinə razılıq almağı planlaşdırır. Bu məbləğin 185 milyard avrosu hazırda Belçikada yerləşən “Euroclear” platformasında bloklanıb.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl bu təşəbbüsü “oğurluq aktı” kimi dəyərləndirib. Rusiya ədliyyə naziri Konstantin Çuyçenko isə TASS-a açıqlamasında bildirib ki, Qərb ölkələrinin Rusiya aktivlərini müsadirə etməsi ehtimalına qarşı cavab tədbirləri artıq ölkə rəhbərliyinə təqdim olunub./TASS/



