Qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi gərginliklər və valyuta bazarlarındakı dəyişikliklər fonunda vətəndaşları düşündürən əsas suallardan biri yığımlarını hansı alətdə saxlamağın daha təhlükəsiz olmasıdır. Bəs mövcud şəraitdə qızıl, ABŞ dolları, yoxsa avro daha az risklidir? Maliyyə mütəxəssisləri bu məsələdə hansı strategiyanı tövsiyə edirlər?

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıranLiberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı qlobal iqtisadi şəraitdə qızılın, ABŞ dollarının və avronun hər birinin həm üstün, həm də zəif tərəfləri var. Onun sözlərinə görə, bu alətlərdən hər hansı birini mütləq ən təhlükəsiz seçim kimi qiymətləndirmək düzgün olmaz. Seçim vəsaitin hansı müddət üçün yığılmasından, investorun riskə münasibətindən və maliyyə məqsədindən asılıdır.
İqtisadçı qeyd edib ki, qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində “təhlükəsiz liman” hesab olunur. Geosiyasi gərginliklər, inflyasiya riskləri və maliyyə bazarlarındakı dalğalanmalar zamanı qızıla tələbat artır. Bununla belə, qızılın qiyməti də qısa müddətdə ciddi dəyişə bildiyi üçün bu alət daha çox uzunmüddətli yığım və kapitalın dəyərinin qorunması baxımından məqsədəuyğun hesab edilir. Qısamüddətli gəlir əldə etmək istəyənlər üçün isə müəyyən risklər yarada bilər.
Akif Nəsirlinin sözlərinə görə, ABŞ dolları beynəlxalq ticarətdə və maliyyə sistemində əsas ehtiyat valyutası olaraq qalır. Azərbaycanın idxal əməliyyatlarının əhəmiyyətli hissəsinin dollarla aparılması da bu valyutaya tələbatı yüksək saxlayır. Lakin ABŞ-də faiz siyasəti, inflyasiya və iqtisadi artım göstəriciləri dolların məzənnəsinə təsir edən əsas amillərdir.
Ekspert bildirib ki, avronun mövqeyi isə Avropa iqtisadiyyatındakı vəziyyət, Avropa Mərkəzi Bankının pul-kredit siyasəti və geosiyasi proseslərdən asılıdır. Əgər Avropa iqtisadiyyatında sabitlik və artım güclənərsə, avronun mövqeyi də möhkəmlənə bilər. Bununla yanaşı, avro da məzənnə risklərindən tam sığortalanmayıb.
Akif Nəsirli vurğulayıb ki, mövcud şəraitdə vəsaiti yalnız bir alətdə saxlamaq riskləri artıra bilər. Çünki bazarlarda hansı aktivin daha yaxşı nəticə göstərəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu səbəbdən maliyyə mütəxəssislərinin əksəriyyəti diversifikasiyanı, yəni vəsaitin müxtəlif aktivlər arasında bölüşdürülməsini daha məqsədəuyğun hesab edir. Bu yanaşma bir bazarda yaranan itkilərin digər aktivlər hesabına qismən kompensasiya olunmasına imkan yaradır.
İqtisadçının fikrincə, Azərbaycan vətəndaşı üçün ən məntiqli yanaşma maliyyə məqsədlərinə uyğun balanslaşdırılmış portfel formalaşdırmaqdır. O hesab edir ki, gündəlik və qısamüddətli ehtiyaclar üçün daha likvid valyutalarda vəsait saxlamaq, uzunmüddətli yığımın müəyyən hissəsini isə qızılda dəyərləndirmək risklərin idarə olunması baxımından daha rasional yanaşmadır. Bununla yanaşı, qərar qəbul edilərkən şəxsi maliyyə vəziyyəti, gəlir mənbələri, xərclər və riskə dözümlülük də nəzərə alınmalıdır.
Akif Nəsirli sonda bildirib ki, hazırkı qlobal qeyri-müəyyənlik şəraitində nə qızılı, nə ABŞ dollarını, nə də avronu təkbaşına ideal seçim hesab etmək olar. Onun sözlərinə görə, daha ehtiyatlı strategiya vəsaiti müxtəlif alətlər arasında bölüşdürmək, bazardakı dəyişiklikləri mütəmadi izləmək və uzunmüddətli maliyyə məqsədlərinə uyğun qərarlar verməkdir. Bu yanaşma həm risklərin azaldılmasına, həm də bazardakı mümkün dəyişikliklərə daha çevik uyğunlaşmağa imkan verir.
















