Cagdas.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımlarda verilən ödəniş qarşılığında həkimlərin riskli əməliyyatlara girmək istəmədiyi vurğulanıb.
İcbari tibbi sığorta ödənişləri ilə bağlı narazılığını paylaşan Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurov ironik formada məbləğin azlığı səbəbindən stresli və məsuliyyət tələb edən əməliyyatlara girməyin həkimlər üçün ciddi risklər yaratdığını vurğulayıb:
“İstəyirəm ki, İcbari Tibbi Sığortanı məhkəməyə verim. Məhkəmədə hakim desə ki, bala, sənin dərdin nədir?
Deyəcəyəm ki, hakim bəy! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib, axtarıb, araşdırmısınız ki, Xəyal bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, hakim bəy, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək. Sual verəcəyəm ki, hörmətli hakim bəy, əlini qoy vicdanına, vicdanınla cavab ver. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı? Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. Vicdanına and verirəm, hakim, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəliyi, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, bizim aqibətimiz necə olacaq? İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik. İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. Hakim bəy, o talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir. Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər. Hörmətli hakim, bir dəfə gecə saat 11-də doqquz aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. Doqquz aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə gətirilən körpə… Təsəvvür edə bilirsiniz? Uşağı gecə saat 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi-gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi. İndi siz deyin, hakim bəy, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizi görməliyikmi, rüşvət almalıyıqmı, rayondan gələn meyvəli, çolpalı “korobka”ya göz dikməliyikmi, yoxsa ölkədənmi getməliyik? Ya da siz onlara deyin, hakim bəy! Deyin ki, bu gün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız”.
O, sosial şəbəkə hesabında qeyd edib ki, həkimlərə ödənilən məbləğ az olduğuna görə böyük bir risk altına girməyə dəymir. Həkim ironik olaraq icbari tibbi sığortanı məhkəməyə vermək istədiyini, buna görə çıxacağı hakim qarşısında özünü bu cür müdafiə edəcəyini bildirib: “Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib. Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…
Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. 20 manatdan ötrü bu əziyyəti, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?
İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir…
Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər… Bir dəfə gecə 11-də 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. 9 aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi-gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi… İndi siz deyin, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizi görməliyikmi, rüşvət almalıyıqmı, rayondan gələn meyvəli-çolpalı “korobka”ya göz dikməliyikmi, yoxsa ölkədənmi getməliyik?”
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, ölkədə tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin sentyabr ayında TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan 72 mindən artıq səhiyyə işçisinin əməkhaqlarında növbəti ciddi artımlar edilib:

“Səhiyyə işçilərinin əməkhaqlarına vəzifə maaşı, əmək şəraitinə görə əlavələr, aylıq sabit ödənişlər, həvəsləndirici əlavələr (bonuslar) və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər daxildir.
Həvəsləndirici əlavələr (bonuslar) səhiyyə işçilərinə iş nəticələrinə uyğun olaraq ödənilir. Bonusların məbləği təsdiq edilmiş tibbi xidmət tariflərinin müəyyən faizi və göstərilən xidmətlərin sayı nəzərə alınmaqla hesablanır. Bu səbəbdən yüksək tarifli tibbi xidmətlərə görə bonuslar daha çox, aşağı tarifli xidmətlərə görə isə daha az olur”.
O əlavə edib ki, icbari tibbi sığorta sistemində göstərilən tibbi xidmətlərin tarifləri qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Bu tariflər üzrə əldə olunan vəsait yalnız səhiyyə işçilərinin əməkhaqqının ödənilməsinə deyil, həmçinin tibbi sərf materiallarının, dərmanların, qidalanma və kommunal xərclərin qarşılanmasına, eləcə də əməliyyatlarda iştirak edən digər personalın əməyinin ödənilməsinə yönəldilir:
“Vətəndaşlardan hər hansı əlavə ödənişlərin tələb olunmasına gəldikdə isə, müştərək maliyyələşmə çərçivəsində göstərilən radioloji xidmətlər istisna olmaqla, icbari tibbi sığorta çərçivəsində təqdim edilən tibbi xidmətlərə görə müəyyən edilmiş tariflərdən əlavə ödəniş alınması tamamilə qanunvericiliyə ziddir və buna yol verilmir.
Özəl tibb müəssisələri ilə əməkdaşlığa gəlincə, hazırda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu müəssisələrdə xəstə qəbulunun hər hansı formada məhdudlaşdırılması ilə bağlı narahatlıq mövcud deyildir.
Bu müəssisələrdə çalışan səhiyyə işçilərinin əməkhaqqı isə mövcud qanunvericiliyə uyğun olaraq həmin müəssisələrin və burada çalışan səhiyyə işçilərinin qarşılıqlı razılığı əsasında müəyyən edilir”.


