ABŞ mətbuatı İran ilə ABŞ arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqların çıxmaza girdiyini yazıb. Axios xəbər platformasının məlumatına görə, tərəflər danışıqların keçiriləcəyi yer və formatla bağlı razılığa gələ bilməyiblər.
Cagdas.Az bildirir ki, Axios-a danışan iki ABŞ rəsmisinin bildirdiyinə görə, Vaşinqton administrasiyası İranın görüşlərin İstanbulda deyil, Omanda və yalnız ikitərəfli formatda keçirilməsi ilə bağlı tələblərini qəbul etməyib.
ABŞ-li rəsmi bildirib ki, “İrana ‘ya bu şərtlərlə, ya da heç’ dedik. Onlar isə ‘o halda heç’ cavabını verdilər”.
Rəsmi əlavə edib ki, İran daha əvvəl razılaşdırılmış formata qayıtmağa hazır olacağı təqdirdə, ABŞ bu və ya gələn həftə danışıqlara başlamağa hazırdır. Onun sözlərinə görə, Vaşinqton tez bir zamanda real razılaşmaya nail olmaq istəyir, əks halda digər variantlar gündəmə gələ bilər.
ABŞ mediasında yayılan xəbərlərdə İran ilə ABŞ arasında nüvə danışıqlarının fevralın 6-da Omanda keçirilməsinin planlaşdırıldığı iddia olunmuşdu.
ABŞ Dövlət katibi Marko Rubio da danışıqların yeri ilə bağlı hələ də müzakirələrin davam etdiyini bildirib və qeyd edib ki, görüşlər İranın nüvə və ballistik raket proqramlarını da əhatə etməlidir.
İyun 2025-dən sonra ilk təmas
Bu görüş İran ilə İsrail arasında 2025-ci ilin iyun ayında baş vermiş və 12 gün davam etmiş qarşıdurmadan sonra ABŞ və İran rəsmiləri arasında planlaşdırılan ilk təmasdır.
İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehranda, inqilab lideri Ayətullah Xomeyninin məqbərəsində çıxışı zamanı ölkəsinin diplomatiyaya hazır olduğunu bildirib. O qeyd edib ki, diplomatiya təzyiq, qorxu və güc tətbiqi ilə uyğun gəlmir və yaxın zamanda nəticələrin ortaya çıxacağına ümid etdiklərini vurğulayıb.
Əraqçi sosial şəbəkə hesabında paylaşımında isə ABŞ ilə nüvə danışıqlarının cümə günü saat 10:00 radələrində Maskat şəhərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb və görüş üçün bütün təşkilati işləri həyata keçirən Oman tərəfinə təşəkkür edib.


