İranın Ali rəhbərinin Hindistandakı nümayəndəsi Abdul Məcid Hakim Elahi bildirib ki, ölkəsi lazım gələrsə, ABŞ-la qarşıdurmada bir neçə il ərzində özünü müdafiə etməyə hazırdır.
Çağdaş.Az xəbər verir ki, onun sözlərinə görə, Tehran müharibəni özü başlamayıb:
“Bildiyiniz kimi, bu müharibəni biz başlamamışıq. Onlar (ABŞ) bunu bizə sırıdılar və biz özümüzü müdafiə etməyə başladıq. Hələ də iki, üç, hətta beş il belə müdafiəyə hazırıq”, – deyə o vurğulayıb.
Elahi əlavə edib ki, İran öz ləyaqətindən geri çəkilməyəcək və hüquqlarını qarşı tərəfə verməyəcək.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilir. Tehran da daxil olmaqla bir sıra iri şəhərlərə zərbələr endirilib.
Ağ Ev hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab əməliyyatının başladığını və İsraildəki hədəflərin vurulduğunu açıqlayıb.
Bundan əlavə, ABŞ-ın Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏndəki bazalarının da hədəfə alındığı qeyd olunur.
Məlumatlara görə, birgə ABŞ–İsrail hücumu zamanı İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
Aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə raund danışıqlar keçirilsə də, tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyib.
ABŞ Prezidenti Donald Tramp aprelin 12-də bildirib ki, ABŞ və digər ölkələrin donanmaları Hörmüz boğazında blokada tətbiq etməyə başlayacaq.
















