İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etmək niyyəti ilə bağlı səslənən fikirlər beynəlxalq nəqliyyat və dəniz hüququ sahəsində yeni müzakirələr yaradıb. Dünyanın strateji su yollarından biri hesab olunan Hörmüz boğazı qlobal enerji daşımalarının mühüm hissəsinin keçdiyi marşrutdur və burada baş verən hər hansı dəyişiklik təkcə region ölkələrinə deyil, dünya iqtisadiyyatına da birbaşa təsir göstərir. Müzakirələrin əsas səbəbi isə Hörmüzün təbii beynəlxalq boğaz statusuna malik olmasıdır.
Dünya təcrübəsində belə boğazlardan keçidə görə pul alınırmı? Əgər bu rellaşarsa yeni bir presedent yarada bilərmi?
Cagdas.az -a bununla bağlı açıqlama verən araşdırmaçı jurnalist Elnur Ənvəroğlu bildirib ki, Hörmüz boğazı kimi beynəlxalq gəmiçilik üçün həyati əhəmiyyət daşıyan təbii boğazlardan keçidə görə birtərəfli qaydada rüsum tələb edilməsi, beynəlxalq hüquqda olduqca mübahisəli məsələdir.
Onun sözlərinə görə, ümumilikdə dünya praktikasında tranzit keçid hüququ olan beynəlxalq boğazlarda sadəcə keçdiyinə görə ödəniş alınması qəbul olunmuş norma deyil:
“Əgər İran bunu tam şəkildə tətbiq etməyə çalışsa, bu, həqiqətən də ciddi beynəlxalq presedent yarada bilər.
Məsələnin hüquqi əsası əsasən BMT çərçivəsində qəbul edilmiş “BMT-nin Dəniz Hüququ haqqında Konvensiyası”na (UNCLOS) dayanır. Dünya praktikasında ödəniş alınan boğazlar var, amma burada vacib fərq də mövcuddur. Çox vaxt söhbət təbii boğazdan yox, süni kanal və ya xüsusi xidmətlərdən gedir. Məsələn, Süveyş kanalı ödənişlidir, çünki süni kanaldır. Eləcə də Panama kanalı eyni şəkildə ödənişlidir. Hətta beynəlxalq təcrübədə pilot xidməti, yedəkləmə və liman xidmətləri üçün müəyyən ödənişlər olur. Bunun hüquqi bazası Boğazlar haqqında Montrö Konvensiyası ilə tənzimlənir. Yəni beynəlxalq praktikada “keçid hüququ” ilə “xidmət haqqı” fərqli anlayışlardır. İranın Hörmüzlə bağlı ABŞ qarşısında qoyduğu rüsum məsələsi hazırkı şəraitdə siyasi alətdir. Tehranın Vaşinqtona qarşı təzyiq göstərə bilməsi üçün yeganə vasitə məhz Hörmüzdür. Çünki hərbi cəhətdən rəqibindən zəif olan İranın ABŞ-ni sıxışdırmaq üçün başqa güc vasitəsi yoxdur. Hazırda Hörmüz qismən də olsa fəaliyyətdədir və boğazın tamamilə İran tərəfindən ələ keçirilməsi, orada rəsmi olaraq uzunmüddətli rüsum tətbiq edilməsi mümkünsüz görünür. Çünki Hörmüz təkcə İranın nəzarətində deyil. Bu boğaza Körfəz ölkələri də nəzarət edir və ərazi hüquqi baxımdan digər ərəb ölkələrinin payına da düşür”.

E.Ənvəroğlu bundan əlavə, İranın dar boğazdan uzun müddət təzyiq aləti kimi istifadə etməsinin digər ölkələrin də ciddi narazılığına səbəb ola biləcəyini və bununla İran ABŞ-dən başqa, digər dövlətləri də özünə opponentə çevirə biləcəyini qeyd edib:
“Bu səbəbdən Hörmüzün rəsmi olaraq pullu keçidə çevrilməsi və bunun sırf İranın nəzarəti altında həyata keçirilməsi inandırıcı görünmür. Amma burada fərqli bir ssenarini də qeyd etmək istərdim. Çünki bəzən istisnalar olur. Məsələn, İran qeyd etdiyim BMT Konvensiyasını (UNCLOS-u) imzalasa da, onu tam ratifikasiya etməyib və sanksiyalar qarşılığında bu iddiaları irəli sürə bilər. Dolayısı ilə, əgər İran beynəlxalq tranzit boğazından keçən bütün tankerlərdən sadəcə boğazdan istifadə etdiklərinə görə məcburi rüsum tələb etsə, bu, çox ciddi presedent hesab oluna bilər. Çünki bu halda başqa dövlətlər də oxşar iddialar irəli sürə bilər. Məsələn, Bab əl-Məndəb boğazını, Malakka boğazını, Berinq boğazını və ya Arktika marşrutlarını götürək. Yəni bütün bunlar üzərində oxşar maliyyə və siyasi nəzarət mexanizmləri qurmağa çalışa bilərlər, əgər presedent yaranarsa. Bu isə qlobal ticarət sistemini dəyişdirə bilər”.(sfera.az)
















