İran 1 yanvar 2024-cü ildə assosiasiyanın tamhüquqlu üzvü olub.
Çağdaş.Az-ın xəbərinə görə, İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi çərşənbə günü bildirib ki, İran BRICS-ə qoşulmaqla çoxtərəfli və bərabərhüquqlu əməkdaşlığın, eləcə də daha ədalətli dünya nizamının formalaşdırılmasının lehinə seçim edib.
Qəribabadi özünün “X” hesabındakı mesajda qeyd edib ki, “İranın bu cür bloklarda olması çoxtərəfliliyi gücləndirmək, əməkdaşlığı genişləndirmək və beynəlxalq münasibətlərdə daha ədalətli bir nizamın formalaşdırılmasında iştirak etmək üçün strateji seçimdir”.
2006-cı ildə qurulan BRIC qrupu əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çindən ibarət idi. Cənubi Afrika 2011-ci ildə qoşularaq qısaltmasına “S” hərfi əlavə etdi. Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya 1 yanvar 2024-cü ildə tamhüquqlu üzv oldu. İndoneziya 6 yanvar 2025-ci ildə qoşuldu. Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tayland, Vyetnam, Uqanda və Özbəkistan tərəfdaş ölkə statusuna malikdir.
















