Son dəqiqə

İsrail müxalifət lideri ABŞ – İran razılaşmasını “fəlakət” adlandırdı

Dünya

İsrail parlament müxalifətinin lideri və “Yesh Atid” partiyasının sədri Yair Lapid ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasını “İsrail üçün fəlakət” kimi qiymətləndirib.

Çağdaş.Az-ın xəbərinə görə, Lapid bildirib ki, İsrail Vaşinqton və Tehran arasında keçirilən danışıqlara ümumiyyətlə dəvət olunmayıb və Baş nazir Benyamin Netanyahunun siyasəti uğursuz olub.

O, sosial şəbəkədə yazıb:
“Tariximiz boyu belə siyasi fəlakət olmayıb. Milli təhlükəsizliyimizlə bağlı qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə yox idi.”

Lapidin sözlərinə görə, İsrail ordusu İranla qarşıdurmanın hazırkı mərhələsində üzərinə düşən vəzifəni yerinə yetirib, xalq isə “böyük dözümlülük nümayiş etdirib”. Lakin o qeyd edib ki, Netanyahu siyasi və strateji baxımdan məqsədlərinə çata bilməyib.

“Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırma çatışmazlığı nəticəsində yaranan ziyanı aradan qaldırmaq illər çəkəcək,” – deyə o əlavə edib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla “iki tərəfli” iki həftəlik atəşkəs elan edib. Onun sözlərinə görə, bu qərar Pakistanın Baş naziri Şahbaz Şarifnin təklifi əsasında qəbul olunub və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razılıq verməsindən asılıdır.

İran dövlət televiziyasının məlumatına görə isə ABŞ Tehranın irəli sürdüyü 10 şərti qəbul etməyə məcbur olub. Bu şərtlər arasında İrana qarşı hücumların dayandırılmasına təminat verilməsi, Hörmüz boğazına nəzarətin saxlanılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, kompensasiyanın ödənilməsi, uranın zənginləşdirilməsi fəaliyyətinin tanınması və əsas sanksiyaların ləğvi yer alır.

Netanyahunun ofisi açıqlamasında bildirilib ki, İsrail ABŞ-ın İrana qarşı zərbələri dayandırmaq qərarını dəstəkləyir, lakin atəşkəs Livanı əhatə etməyəcək.