Son dəqiqə

Kainatın dərinliklərində tarixi kəşf: Ən uzaq kvazar aşkar edildi

Maraqlı

Avropa Kosmik Agentliyinin (ESA) Evklid Kosmik Teleskopu indiyədək aşkar edilən ən uzaq kvazarı müəyyən edib.

Çağdaş.Az-ın xəbərinə görə, alimlərin məlumatına görə, “J1504+6252” adı verilən bu kosmik obyekt Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olub. Kəşf kainatın erkən dövrlərində nəhəng qara dəliklərin necə formalaşdığı ilə bağlı yeni suallar yaradıb.

Tədqiqatçılar bildiriblər ki, bu kvazarın hazırda müşahidə edilən görüntüsü təxminən 13,1 milyard il əvvəlki vəziyyətinə aiddir.

Yeni kəşf Evklid teleskopunun bir neçə ay əvvəl müəyyən etdiyi ən uzaq kvazar rekordunu daha 40 milyon il geriyə aparıb.

Alimlər Evklid teleskopunun təxminən 18 aylıq müşahidə məlumatlarını milyonlarla kosmik obyekt arasında analiz edərək bu kvazarı aşkar ediblər.

Kəşfin doğruluğu həm Yer səthində yerləşən, həm də kosmosda fəaliyyət göstərən teleskopların əlavə müşahidələri ilə təsdiqlənib.

Ceyms Veb Kosmik Teleskopu tərəfindən aparılan araşdırmalar göstərib ki, kvazarın mərkəzində yerləşən qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 360 milyon dəfə çoxdur.

Maraqlı məqam isə odur ki, bu qara dəliyin ətrafındakı maddəni digər uzaq kvazarlardakı qara dəliklərlə müqayisədə daha yavaş udduğu müəyyən edilib.

Alimlər hesab edirlər ki, kainatın cəmi 630 milyon yaşında olduğu dövrdə belə nəhəng qara dəliyin necə yarandığı və qısa müddətdə bu qədər böyük kütləyə necə çatdığı hələ də tam aydın deyil.

Yeni tapıntının qara dəliklərin yaranması və böyüməsini izah edən mövcud elmi modellər üçün ciddi suallar yaratdığı bildirilir.

Kvazarlar mərkəzlərində yerləşən superkütləli qara dəliklərin ətrafdakı qazları udması nəticəsində böyük miqdarda enerji yayan qalaktika nüvələri hesab olunur.

2023-cü ildə kosmosa göndərilən Evklid Kosmik Teleskopu isə əsasən kainatın sirli strukturları olan qaranlıq maddə və qaranlıq enerjinin öyrənilməsi məqsədilə fəaliyyət göstərir.