ABŞ Prezidenti Donald Tramp, Kanada baş naziri Mark Karniyə (Carney) ünvanladığı Qəzza Sülh Şurasına qatılma dəvətini geri götürdüyünü açıqlayıb.
Cagdas.az xəbər verir ki, Trampın bu addımı Kanada rəhbərliyində narazılıq doğura biləcək qərar kimi dəyərləndirilir. ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində paylaşdığı açıqlamada Karniyə göndərilən dəvətin ləğv edildiyini bildirib.
Tramp müraciətində, “zəhmət olmasa, bu məktubun Qəzza Sülh Şurasının Kanadanın iştirakı ilə bağlı sizə ünvanladığı dəvətin geri çəkildiyini təsdiqlədiyini qəbul edin”, – deyə qeyd edib.
Tramp əlavə edib ki, Qəzza Sülh Şurası indiyədək formalaşdırılmış ən nüfuzlu liderlər platformalarından biri olacaq.
Karni Trampın siyasətini sərt tənqid etmişdi
Kanada Baş naziri Mark Karni Dünya İqtisadi Forumu (WEF) çərçivəsində çıxışı zamanı ABŞ-nin Qrenlandiya ilə bağlı mövqeyinə toxunaraq, “NATO açıq şəkildə ciddi sınaq qarşısındadır. Bu sınağa veriləcək ilk cavab Arktika təhlükəsizliyinin hər ehtimala qarşı güclü və etibarlı şəkildə təmin olunması olmalıdır”, – demişdi.
Karni böyük güclərin iqtisadi inteqrasiyanı siyasi təzyiq alətinə çevirdiyini vurğulayaraq, Tramp administrasiyasının gömrük rüsumları siyasətini də tənqid edib:
“Tariflər bir təzyiq vasitəsinə, maliyyə infrastrukturu məcburetmə alətinə, tədarük zəncirləri isə istismar edilən zəif nöqtələrə çevrilib.”
Karni Trampın açıqlamalarına cavab vermişdi
Trampın “Kanada ABŞ sayəsində mövcuddur” fikrinə reaksiya verən Mark Karni isə bildirib ki, “Kanada və ABŞ iqtisadiyyat, təhlükəsizlik və zəngin mədəni mübadilə sahələrində güclü tərəfdaşlıq qurub. Amma Kanada ABŞ sayəsində mövcud deyil. Kanada ona görə inkişaf edir ki, biz kanadalıyıq.”


