Son dəqiqə

Keçmiş nazirin həbsinə səbəb olan 3 ŞOK DETAL – Gündəm ÇALXALANIR

Dünya

Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın həbs olunması ilə nəticələnən fond istintaqının diqqətçəkən təfərrüatları üzə çıxıb.

Çağdaş.Az xəbər verir ki, “Türkiye” qəzetinin yazarı Kubilay Gülbek məsələ ilə bağlı qələmə aldığı yazıda prokurorluğun diqqət yetirdiyi üç əsas məqamı açıqlayıb.

İstintaq materiallarında “Özata Denizcilik” şirkətinin səhmləri ilə aparılan əməliyyatlar, şübhəlilər arasında telefon əlaqələri və pul köçürmələri xüsusi yer tutur.

Gülbekin məlumatına görə, Fatma Betül Sayan Kayanın “Özata Denizcilik” səhmlərinə 163 milyon lirə sərmayə yatırdığı müəyyən edilib.

İstintaq çərçivəsində Kaya ilə “Tera Yatırım” şirkətinin sahibi Emre Tezmen və Erdin Özel arasındakı telefon əlaqələri də araşdırılıb. Səhmlərin alınması və satılması tarixləri arasında baş tutan telefon danışıqları əsas sübut istiqamətlərindən biri kimi qiymətləndirilib.

Bundan başqa, Gülbek istintaq çərçivəsində həbs olunan bəzi şəxslərin ifadələrində də Fatma Betül Sayan Kayanın adının çəkildiyini bildirib.

İstintaq materiallarında diqqət çəkən ikinci mühüm məqam “Özata Denizcilik” səhmlərinin satışı zamanı həyata keçirilən fond əməliyyatlarıdır.

Gülbekin yazdığına görə, “Tera Yatırım” Kaya tərəfindən 1 milyard 444 milyon lirə dəyərində investisiya fondunun alınmasını öz hesabları vasitəsilə həyata keçirib.

Türkiyənin Kapital Bazarları Şurası (SPK) və Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) da araşdırdığı bu əməliyyat zamanı digər investorlara satılmalı olan qiymətli kağızların “Tera Yatırım”ın THF adlı fondunda toplandığı bildirilir.

Daha sonra həmin qiymətli kağızların investorlara daha aşağı qiymətlərlə satıldığı, elə həmin gün isə “Tera Yatırım”ın THF və TP2 fondlarının ödəniş öhdəliklərini yerinə yetirə bilməyərək defolta düşdüyü qeyd olunur.

İstintaqda diqqət çəkən üçüncü məqam isə Kaya­nın səhmlərin satışından əldə etdiyi vəsaitin hesabına köçürülmə qaydasıdır.

Məlumata görə, “Özata Denizcilik” səhmləri üzrə Türkiyədə tətbiq edilən standart hesablaşma müddəti T+2, yəni iki iş günüdür. Lakin Kayanın satışdan əldə etdiyi gəlirin hesabına köçürülməsi zamanı fərqli mexanizmdən istifadə edilib. Belə ki, səhmlərin satışından əldə olunan vəsait T+0 üsulu ilə, yəni əməliyyat başa çatan kimi onun hesabına köçürülüb.

Bu prosesin “Tera Yatırım” tərəfindən təşkil edilməsi istintaqın diqqət yetirdiyi mühüm əlaqələrdən biri kimi ön plana çıxıb.

İstintaqın digər mühüm istiqamətlərindən biri isə Kaya­nın hesabına köçürüldüyü bildirilən 1 milyard 344 milyon lirənin mənbəyidir.

Gülbekin yazdığına görə, hazırda “Tera Yatırım”ın bu məbləği hansı mənbələr hesabına əldə etdiyi, eləcə də pulun hansı əməliyyatlar vasitəsilə Kayanın hesabına köçürüldüyü araşdırılır./Musavat.com/