ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin ilkin qeyri-rəsmi nəticələri Demokrat Partiyasının hər iki palatada üstünlük əldə etdiyini göstərərkən, Respublikaçılara yüz milyonlarla dollarlıq dəstək verən İlon Maskdan diqqətçəkən açıqlama gəlib.
Çağdaş.Az xəbər verir ki, seçki kampaniyalarına böyük məbləğdə maliyyə ayırmasına baxmayaraq yaranmış vəziyyəti yumorla şərh edən Mask özünün sahibi olduğu “X” platformasında paylaşım edib.
“Görünür, seçkilərə müdaxilə edən kosmik lazerlərim bu dəfə işə yaramadı”, – deyə Mask yazıb.
Onun bu ironik paylaşımı Respublikaçı namizədlərə göstərdiyi böyük maliyyə dəstəyindən sonra diqqət çəkib.
Mask seçkilərə yüz milyonlarla dollar ayırıb
Milyarder iş adamının Respublikaçılar Partiyasının kampaniyalarına böyük həcmdə maliyyə dəstəyi verdiyi bildirilir.
The New York Timesın təhlilinə əsasən, Mask aralıq seçkilər öncəsi Respublikaçılara 474 milyon dollar vəsait ayırıb.
Nəşrin məlumatına görə, şəxsi sərvəti hesabına öz namizədlik kampaniyasını maliyyələşdirən siyasətçilər nəzərə alınmadıqda, bu məbləğ bir şəxsin tək seçki dövründə etdiyi ən böyük maliyyə dəstəklərindən biri hesab olunur.
Reuters isə Maskın seçki xərclərini 445 milyon dollar olaraq qiymətləndirib. Agentliyin məlumatına görə, Demokratları dəstəkləyən milyarderlər Michael Bloomberg və George Sorosun ümumi xərcləri belə Maskın ayırdığı vəsaitin yarısına çatmayıb.
Seçici fəallığı üçün kampaniyalara dəstək verib
Mask avqust ayında Respublikaçı namizədlərin dəstəklənməsi üçün ən azı 100 milyon dollar xərcləməyi planlaşdırdığını açıqlamışdı.
Məlumata görə, milyarder əsasən seçici fəallığının artırılması və seçki kampaniyalarının təşkilinə yönəlmiş fəaliyyətlərə maliyyə ayırıb.


