Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində azı 5 nəfər yaralanıb, yaşayış binası və tibb müəssisəsinə ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan əvvəl Rusiyanın “kütləvi zərbə” hazırlığında olduğu barədə kəşfiyyat məlumatları aldıqlarını bildirərək, İrlandiyaya səfərini yarımçıq kəsib ölkəsinə qayıdıb.
Ukrayna Hərbi Hava Qüvvələri paytaxta doğru ballistik raketlərin hərəkət etdiyi barədə xəbərdarlıq etdikdən sonra Kiyevdə ardıcıl partlayışlar baş verib. Şəhər sakinləri, o cümlədən uşaqlar və ev heyvanları ilə birlikdə metro stansiyalarına sığınmağa məcbur olublar.
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər ballistik raketlər və PUA-ların hücumuna məruz qalıb. Onun sözlərinə görə, Şevçenkivski rayonunda 5 tibb işçisi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Tımur Tkaçenko isə hücum nəticəsində yanğınların baş verdiyini, yaşayış binasının dağıldığını və tibb müəssisəsinə zərər dəydiyini açıqlayıb.
Zelenski mətbuat konfransında çıxışı zamanı vətəndaşları hava həyəcanı siqnallarına ciddi əməl etməyə və sığınacaqlardan istifadə etməyə çağırıb.
“İnsanlarımızdan xüsusilə diqqətli olmalarını, özlərini, övladlarını və ailələrini qorumalarını xahiş edirəm. Sığınacaqlardan istifadə etmək və hava həyəcanı siqnallarına əməl etmək çox vacibdir”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu genişmiqyaslı hücumu uzun müddətdir hazırlayır.
Qeyd edək ki, son həftələr Ukrayna da Rusiyanın enerji infrastrukturu və hərbi obyektlərini hədəf alan uzaqmənzilli PUA hücumlarını artırıb. ABŞ-ın vasitəçiliyi ilə müharibənin dayandırılması istiqamətində aparılan diplomatik cəhdlər isə hələlik nəticə verməyib.
















