Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin həllinə yaxınlaşıldığı və danışıqların artıq son mərhələyə daxil olduğu barədə fikirləri ilə razılaşdıqlarını jurnalistlərə bildirib.
Cagdas.az xəbər verir ki, Peskovdan Kremlin Trampın bu qiymətləndirməsini bölüşüb-bölüşmədiyi soruşulduqda, o, “Əlbəttə” cavabını verib.
Bununla belə, Kremlin sözçüsü hazırda sülh planının hansı variantı üzərində razılaşmanın getdiyini açıqlamayıb. Onun sözlərinə görə, bu mərhələdə detalları açıqlamağa ehtiyac görmürlər.
Qeyd edək ki, dünən Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Bundan əvvəl isə ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı edib və tərəflər yaxın zamanda yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.
Trampla görüşdən sonra Vladimir Zelenski sülh planı üzrə razılaşmanın təxminən 90 faizinin əldə olunduğunu açıqlayıb.


