Son dəqiqə

Merzin Çin səfərinin nəticələri açıqlandı – iri biznes razılaşmaları imzalandı

Dünya

Çin və Almaniya şirkətləri Almaniya kansleri Fridrix Merzin Çinə rəsmi səfəri çərçivəsində 10-dan artıq kommersiya sazişi imzalayıb. Bu barədə brifinqdə Çin Ticarət Nazirliyinin sözçüsü He Yongqian məlumat verib.

Çağdaş.Az xəbər verir ki, onun sözlərinə görə, səfər zamanı hər iki ölkənin müəssisələri avtomobil istehsalı, maşınqayırma, enerji, logistika və maliyyə kimi sahələri əhatə edən 10-dan çox kommersiya razılaşmasına nail olublar. Sözçü əlavə edib ki, tərəflər innovasiya, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıqla bağlı da məzmunlu müzakirələr aparıblar.

Nazirliyin açıqlamasında bildirilir ki, fevralın 25-də günün ikinci yarısında Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifeng kansleri müşayiət edən Almaniya biznes dairələrinin nümayəndələri ilə görüşüb. Görüşdə alman şirkətlərinin təmsilçiləri Çin iqtisadiyyatının perspektivlərinə inandıqlarını vurğulayıb və ölkənin modernləşmə imkanlarından birgə faydalanmaq üçün Çində investisiyaları daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.

Nazirlik həmçinin qeyd edib ki, Pekin və Berlin iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların icrası üçün birgə işləmək, ticarət və iqtisadi siyasət üzrə dialoqu gücləndirmək, eləcə də Çinin 15-ci Beşillik Planının icrası fonunda praktik əməkdaşlıq sahələrini genişləndirmək niyyətindədir.