Ermənistanın dəmir yolu infrastrukturunda Rusiyanın rolu və Arazdəyən–Naxçıvan xəttinin mümkün bərpası regionda kommunikasiyaların açılması mövzusunu yenidən gündəmə gətirib. TRIPP layihəsi fonunda isə əsas suallardan biri Rusiyanın bu prosesdə hansı təsir imkanlarına malik olacağıdır.
Cagdas.az xəbər verir ki məsələni Modern.az-a şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Ermənistanın mövcud dəmir yolu şəbəkəsi ilə TRIPP layihəsini bir-birindən ayırmaq lazımdır.
O bildirib ki, Ermənistanın dəmir yolları uzun müddətdir Rusiya şirkətinin konsessiya idarəçiliyindədir və mövcud razılaşmaya əsasən, bu müddət 2036-cı ilədək davam edir:
“Bu səbəbdən Ermənistan ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması və üçüncü dövlətlərin investisiyalarının cəlb edilməsi məsələsində müəyyən hüquqi və praktiki çətinliklər yaranır. Paşinyan hökumətinin əsas məqsədlərindən biri dəmir yolu infrastrukturu üzərində nəzarət imkanlarını genişləndirmək və məsələyə daha çox suverenlik prizmasından yanaşmaqdır”.
Azər Badamovun sözlərinə görə, məsələnin geosiyasi tərəfi də var. Rusiya Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşdiyindən, Rusiya şirkətinin idarə etdiyi dəmir yolu infrastrukturu üzərindən beynəlxalq tranzitin təşkili müəyyən risklər yaradır:
“Ermənistan buna görə də dəmir yolu sisteminin alternativ investisiya mənbələri hesabına inkişafında maraqlıdır. Bununla yanaşı, Rusiyanın mövqeyində müəyyən dəyişiklik də görünür. Moskva Arazdəyən–Naxçıvan və Axurik–Türkiyə istiqamətlərində dəmir yolu hissələrinin bərpasını, bunun üçün investisiyanın kim tərəfindən və hansı həcmdə qoyulacağını müzakirə etməyə hazır olduğunu bildirir. Bu, müsbət siqnaldır”.
Deputat hesab edir ki, Rusiyanın məsələyə marağını yalnız iqtisadi amillərlə izah etmək doğru olmaz:
“Moskvanın regionun nəqliyyat infrastrukturu üzərində mövcud təsir imkanlarını qorumaq istəyi də mümkündür. Xüsusilə TRIPP layihəsinin gündəmə gəlməsi fonunda Rusiya Ermənistan ərazisindəki ənənəvi nəqliyyat infrastrukturu üzərində rolunu itirmək istəməyə bilər”.
Azər Badamov vurğulayıb ki, Arazdəyən–Sədərək dəmir yolu xəttinin bərpası Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:
“Bu xəttin fəaliyyətə qaytarılması Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəmir yolu bağlantısının yaradılması baxımından mühüm addım olar. Eyni zamanda, Naxçıvanın regional nəqliyyat sisteminə daha fəal inteqrasiyasına, yük və sərnişin daşımalarının artmasına, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə şərait yaradar”.
Onun sözlərinə görə, Arazdəyən–Naxçıvan və Axurik–Türkiyə dəmir yolu xətlərinin bərpası Ermənistan və Türkiyə üçün də yeni iqtisadi imkanlar aça bilər.
Komitə sədrinin müavini TRIPP layihəsinin isə Ermənistanın mövcud dəmir yolu infrastrukturu ilə eyniləşdirilməsini düzgün hesab etmir:
“TRIPP ayrıca mexanizm və ayrıca status üzərində qurulur. Layihənin əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsidir. Layihənin ayrıca mexanizm kimi icrası nəzərdə tutulduğuna görə, Rusiyanın Ermənistan dəmir yolları üzərindən malik olduğu ənənəvi təsir imkanlarının TRIPP-ə birbaşa tətbiqi mümkün olmayacaq”.
Azər Badamov qeyd edib ki, Azərbaycan üçün əsas məsələ kommunikasiyaların mümkün qədər tez açılmasıdır:
“İstər Arazdəyən–Sədərək dəmir yolu, istər TRIPP, istərsə də digər regional nəqliyyat layihələri Naxçıvanla əlaqələrin gücləndirilməsi və Azərbaycanın tranzit potensialının artırılması baxımından əhəmiyyətlidir. Rusiyanın Arazdəyən–Naxçıvan və Axurik–Türkiyə istiqamətlərində dəmir yolu xətlərinin bərpası ilə bağlı müzakirələrə hazır olduğunu bildirməsi müsbət addımdır”.
Deputatın fikrincə, uzunmüddətli perspektivdə əsas məsələ nəqliyyat layihələrinin hansı ölkənin siyasi təsiri altında olması deyil, regional əməkdaşlığa və iqtisadi əlaqələrə real töhfə verməsidir:
“Əgər Ermənistan, Azərbaycan, Türkiyə və digər regional aktorlar kommunikasiyaların açılmasını siyasi rəqabət vasitəsi deyil, iqtisadi əməkdaşlıq platforması kimi qəbul etsələr, bütün region ciddi dividendlər əldə edə bilər. Azərbaycanın marağı isə aydındır: Naxçıvanla dayanıqlı bağlantının təmin edilməsi və ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi”.
















