Son dəqiqə

Netanyahu “Sumud Donanması”na müdaxilə üçün orduya göstəriş verəcək

Dünya

İsrailin Baş naziri Benjamin Netanyahunun Qəzzaya humanitar yardım çatdırmağı hədəfləyən “Qlobal Sumud Donanması”nın qarşısının alınaraq “ələ keçirilməsi” üçün İsrail ordusuna səlahiyyət verəcəyi bildirilib.

Çağdaş.Az xəbər verir ki, İsrailin dövlət televiziyası olan KAN-ın yaydığı məlumata görə, Netanyahu bu gün təhlükəsizlik toplantısı keçirəcək.

Məlumatda qeyd olunub ki, iclas zamanı “Qlobal Sumud Donanması”na müdaxilə edilərək gəmilərin ələ keçirilməsi ilə bağlı planlar müzakirə olunacaq.

Bildirilir ki, Netanyahu Qəzzaya tətbiq olunan blokadanı yarmağa və bölgəyə humanitar yardım çatdırmağa çalışan donanmaya qarşı əməliyyat aparılması üçün orduya göstəriş verəcək.

Xəbərdə İsrailin blokadanın pozulmasına “icazə verməyəcəyi”, “Sumud Donanması”na qarşı əməliyyatın isə “yaxın saatlarda” həyata keçirilə biləcəyi vurğulanıb.

Digər tərəfdən, İsrail Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada Təl-Əviv rəhbərliyinin Qəzzaya tətbiq olunan dəniz blokadasının yarılmasına imkan verməyəcəyi bildirilib.

Açıqlamada “Qlobal Sumud Donanması”nda iştirak edən şəxslərə marşrutlarını dəyişərək geri qayıtmaq çağırışı edilib.

İsrail ordusunun “Qlobal Sumud Donanması”na əvvəlki müdaxilələri

İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadanı yarmaq və bölgəyə həyati əhəmiyyət daşıyan humanitar yardımları çatdırmaq məqsədi daşıyan “Qlobal Sumud Donanması 2026 Bahar Missiyası” 29 aprel gecəsi Krit adası yaxınlığında İsrail ordusunun müdaxiləsinə məruz qalmışdı.

Beynəlxalq sularda hüquqa zidd şəkildə aktivistləri daşıyan gəmilərə hücum edən İsrail ordusu, Qəzzadan təxminən 600 dəniz mili uzaqlıqda və Yunanıstanın ərazi sularına yaxın bölgədə 177 fəalı saxlayaraq onlarla pis rəftar etmişdi.

İsrail ordusu 2025-ci ilin avqustunda da 44-dən çox ölkədən 500 fəalı daşıyan 40-dan artıq gəmi ilə Qəzzaya doğru hərəkət edən “Qlobal Sumud Donanması”na bənzər əməliyyat həyata keçirmişdi.