Macarıstanın Baş naziri Viktor Orban Avropanı Ukraynada sülhün qarşısında əsas maneə adlandırıb.
Cagdas.az-ın xəbərinə görə, Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsinin başa çatmasına ən böyük maneə məhz Avropadır. O, bu fikri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Die Weltwoche jurnalına müsahibəsində səsləndirib.
“Avropa sülhün qarşısında əsas əngəldir”, – deyə Orban vurğulayıb.
Macarıstan hökumətinin başçısı qeyd edib ki, Avropa ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin və Kiyevin müharibəni davam etdirmək və döyüş meydanında qələbə qazanmaq ideyasını dəstəkləyib.
Orbanın fikrincə, vəziyyəti çətinləşdirən əsas məqam münaqişənin həlli ilə bağlı iki fərqli yanaşmanın mövcudluğudur. O bildirib ki, bu yanaşmalardan biri ABŞ-ın sabiq prezidenti Donald Trampın və Macarıstan da daxil olmaqla bəzi ölkələrin paylaşdığı sülh çağırışına əsaslanan mövqedir.
Digər yanaşmanın isə Avropa tərəfindən irəli sürüldüyünü deyən Orban vurğulayıb ki, Brüssel Rusiyaya qarşı müharibədə qalib gəlmək strategiyasını seçib. Lakin onun sözlərinə görə, bu mövqeni müdafiə edənlər Rusiya kimi nüvə gücünə malik bir dövlətə qarşı müharibənin necə udula biləcəyi barədə real təsəvvürə malik deyillər.
“Bu baxımdan, müharibənin davam etdirilməsi təsəvvür edə biləcəyim ən pis strategiyadır. Təəssüf ki, hazırda Brüsseldə məhz bu yolu seçmişik”, – deyə Viktor Orban yekunlaşdırıb.















