Şotlandiya dünyanın ən böyük diasporlarından birinə sahib ölkələrdən biridir. Maraqlıdır ki, bu gün Şotlandiyanın özündə təxminən 4,5 milyon nəfər yaşadığı halda, dünyada özünü şotland mənşəli hesab edənlərin sayı 40 milyona yaxın qiymətləndirilir.
Cagdas.az xarici mənbələrə istinadən xəbər verir ki, Şotlandiya hökumətinin hesablamalarına görə, dünyada 28-40 milyon insan özünü şotlandların nəslindən hesab edir. Bəzi araşdırmalarda isə bu rəqəmin 80 milyona qədər çatdığı qeyd olunur.
Şotland mənşəli insanların ən böyük icmaları ABŞ, Kanada və Avstraliyada yaşayır. ABŞ-də 5,4-6 milyon, Kanadada təxminən 4,8 milyon, Avstraliyada isə 4 milyon nəfər şotland kökənli insanın olduğu bildirilir. Əhaliyə nisbətdə isə ən böyük şotland diasporu Kanadada formalaşıb.
Bundan başqa, Yeni Zelandiya, İrlandiya, Argentina, Çili və Braziliyada da böyük şotland icmaları mövcuddur.
Tarixçilərin məlumatına görə, şotlandların kütləvi miqrasiyası XVII əsrdən başlayıb və bir neçə əsr davam edib. Bu müddətdə təxminən 3,6 milyon nəfər Şotlandiyanı tərk edib.
Miqrasiyanın əsas səbəbləri iqtisadi çətinliklər, dini təqiblər və siyasi hadisələr olub. Xüsusilə 1707-ci ildə Şotlandiyanın İngiltərə ilə birləşməsindən sonra ölkədən köç prosesi sürətlənib.
Bu gün şotland mədəniyyəti dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Robert Börns klubları, Kaledoniya cəmiyyətləri və milli rəqs kollektivləri vasitəsilə yaşadılır.(modern.az)














