Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində təhlükəsizlik qüvvələrinin terror qruplaşmalarına qarşı apardığı əməliyyatlar nəticəsində 12 silahlı zərərsizləşdirilib.
Cagdas.az xəbər verir ki, “Davn” qəzetinin yaydığı məlumata görə, kəşfiyyat məlumatları əsasında təhlükəsizlik qüvvələri Hayber Paxtunxvanın Karak, eləcə də Bəlucistanın Kalat bölgəsində silahlılara qarşı iki ayrı əməliyyat həyata keçirib.
Baş verən silahlı toqquşmalar zamanı Karak bölgəsində 8, Kalatda isə 4 silahlı məhv edilib.
Əməliyyatlar çərçivəsində çoxlu sayda silah və döyüş sursatının ələ keçirildiyi bildirilib.
Pakistanda terror problemi
Pakistanda silahlı hücumlar əsasən Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində daha çox müşahidə olunur.
Hər iki bölgədə puştun və bəluç etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı dəstələr Pakistan təhlükəsizlik qüvvələrinə və mülki əhaliyə qarşı hücumlar təşkil edirlər.
İslamabad hakimiyyəti Pakistan Talibanının (TTP) Əfqanıstan ərazisində mövqe tutduğunu və hücumları məhz buradan planlaşdırdığını bildirir. Əfqanıstan rəhbərliyi isə bu ittihamları qəbul etmir.
Bəlucistan əyalətində isə əsasən Bəlucistan Azadlıq Ordusunun (BLA) hücumları diqqət çəkir. BLA Bəlucistanın Pakistandan ayrılmasını və bölgənin bəluç xalqı tərəfindən idarə olunmasını tələb edir.


