ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə çərşənbə günü uzun və əhatəli telefon danışığı aparıb. Danışıq ticarət məsələlərindən tutmuş beynəlxalq münaqişələrə qədər geniş mövzuları əhatə edib və Trampın aprel ayında Pekinə planlaşdırılan səfəri ərəfəsində baş tutub.
Cagdas.Az-ın xəbərinə görə, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında davam edən müharibə, həmçinin İran və Tayvan ətrafında mövcud vəziyyət müzakirə olunub. O, detalları açıqlamayıb. Trampın sözlərinə görə, Tayvan məsələsi ötən ilin sonunda Cənubi Koreyada keçirilən görüş zamanı gündəmə gətirilməmişdi. Bu isə göstərir ki, Tayvan mövzusu bu yaz iki lider arasında aparılacaq danışıqlarda xüsusi yer tuta bilər.
Çin Xarici İşlər Nazirliyi də öz açıqlamasında Tayvan mövzusunun müzakirə olunduğunu təsdiqləyib.
Nazirliyin bəyanatında bildirilib ki, Prezident Si Cinpin Tayvan məsələsinin Çin–ABŞ münasibətlərində ən mühüm mövzu olduğunu vurğulayıb. “Tayvan Çinin ərazisidir. Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumağa borcludur və Tayvanın ayrılmasına heç vaxt imkan verməyəcək. ABŞ Tayvana silah satışına ehtiyatla yanaşmalıdır”, – deyə bəyanatda qeyd olunub.
Açıqlamada Çin tərəfi ABŞ ilə dialoqa açıq olduğunu da bildirib və 2026-cı ilin “iki böyük dövlət arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq ili” olmalı olduğunu vurğulayıb. Bununla yanaşı, xəbərdarlıq xarakterli mesaj da yer alıb: “ABŞ-ın öz narahatlıqları olduğu kimi, Çinin də narahatlıqları var. Çin dediyini edir və sözlərini real addımlar və nəticələrlə təsdiqləyir”.
Donald Tramp isə Çinin ABŞ-dan soya məhsulları almaqla bağlı öhdəliyini bir daha xatırladıb. Bu razılaşma ötən ilin oktyabrında Cənubi Koreyada keçirilən görüş zamanı əldə olunmuşdu. Liderlər sonuncu dəfə ötən ilin noyabr ayının sonlarında danışmışdılar.
“Çinlə münasibətlərimiz və mənim Prezident Si ilə şəxsi münasibətlərim son dərəcə yaxşıdır. Hər ikimiz anlayırıq ki, bu münasibətləri qorumaq çox vacibdir”, – deyə Tramp yazıb. O əlavə edib ki, prezidentliyinin növbəti üç ili ərzində Çin Xalq Respublikası ilə bağlı bir çox müsbət nəticələr əldə olunacağına inanır.
Telefon danışığı iki ölkə arasında bu ilin əvvəlində baş vermiş ticarət müharibəsindən sonra əldə edilən kövrək atəşkəs fonunda baş tutub. Həmin ticarət qarşıdurması bazarlarda qeyri-sabitliyə səbəb olmuş, şirkətləri tədarük zəncirləri ilə bağlı çətin vəziyyətdə qoymuşdu. Bu zəng, eyni zamanda, Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən videokonfransdan bir neçə saat sonra reallaşıb.


