Son dəqiqə

Petrodan sensasiyalı təklif: Latın Amerikası birləşsin

Dünya

Kolumbiya Prezidenti Qustavo Petrodan diqqətçəkən açıqlama gəlib. O, narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək məqsədilə Latın Amerikası ölkələrini ortaq ordu yaratmağa çağırıb.

Cagdas.az bildirir ki, fevral ayının ilk həftəsində ABŞ Prezidenti Donald Trampla üz-üzə görüşməsi planlaşdırılan Petro bu çağırışı ABŞ mərkəzli X sosial şəbəkəsindəki paylaşımında səsləndirib. Prezident bildirib ki, ABŞ regiona müdaxilə etmək üçün narkotik kartellərini bəhanə kimi istifadə edir.

Narkotik qaçaqmalçılarının yaratdığı təhlükələrə diqqət çəkən Petro qeyd edib:
“Yalnız narkotik ticarəti ilə məşğul olan qüvvələr hücum üçün ideal bəhanəyə çevrilib. İşğalın yaratdığı bütün təlatümlərə baxmayaraq, Latın Amerikası orduları olaraq bu faydasız bəhanəni ölkələrimizdən çıxarmaq üçün bir araya gəlməliyik.”

Kolumbiya lideri narkotik qrupların tərksilah edilməsi üçün Latın Amerikasının ortaq hərbi güc formalaşdırmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, regionu sabitlikdən çıxaran qüvvələrə qarşı müdafiə yalnız xalqların, silahlı qüvvələrin və dövlətlərin birliyi ilə mümkündür.

Bununla yanaşı, Petro ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı olan Estado Mayor Central (EMC) qrupunun lideri İvan Mordiskonun Milli Azadlıq Ordusuna (ELN) etdiyi ittifaq təklifini də sərt tənqid edib.

Prezident bildirib ki, Mordiskonun təklif etdiyi ittifaq nə Venesuelanı, nə Kolombiyanı, nə də Latın Amerikasını qoruyur. Əksinə, bu addım işğal üçün bəhanə yaradır, hətta seçkilərin pozulmasına və seçki azadlığının məhdudlaşdırılmasına xidmət edən qara pulların dövriyyəsinə yol açır.

Qeyd edək ki, EMC lideri Mordisko ABŞ-nin Venesuelaya hərbi müdaxiləsinə kəskin reaksiya verərək ELN-yə ittifaq təklifi ilə çıxış etmişdi./Haberglobal/