2025-ci ildə dövlət sifarişi əsasında fəaliyyət göstərən publik hüquqi şəxslərin maliyyə təminatı üçün dövlət büdcəsindən 968 milyon manat vəsait ayrılıb.
Cagdas.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, ötən il beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, eləcə də beynəlxalq tədbirlər və xarici yardımların maliyyələşdirilməsi üçün 655 milyon manat vəsait xərclənib.
S.Babayev bildirib ki, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi çərçivəsində 504 milyon manat ayrılıb. Bu göstərici 2024-cü illə müqayisədə 18,5 milyon manat və ya 3,8 faiz çoxdur.
Nazir qeyd edib ki, hesabat ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün 85 milyon manat, sahibkarlıq subyektlərinin kredit faizlərinə subsidiyaların maliyyələşdirilməsi üçün isə 15 milyon manat vəsait yönəldilib. Beləliklə, bu istiqamətlər üzrə ümumi xərclər 100 milyon manat təşkil edib.
Onun sözlərinə görə, 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclərə 7,6 milyard manat ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabərdir. Həmin vəsait hesabına investisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat yönəldilib.
S.Babayev əlavə edib ki, investisiya xərclərinin 1,7 milyard manatı infrastruktur layihələrinə, 303 milyon manatı sosial təyinatlı obyektlərə, 98 milyon manatı isə müdafiə, məhkəmə, hüquq-mühafizə və digər sahələr üzrə obyektlərin tikintisi, yenidən qurulması və əsaslı təmirinə sərf olunub.
















