Son dəqiqə

Qaranlıq milyarder Epşteyn kim idi? – Gizli razılaşmalar, güclü dostlar

Dünya

Haqqında yayımlanan sənədlərlə bütün dünyanı sarsıdan Ceffri Epşteyn məhkəmə qarşısına çıxarılmadan həbsxanada həyatını itirdi.

“ Mən cinsi zorakılıq edən deyiləm, mən sadəcə günahkaram.”

Cagdas.az xəbər verir ki, Epşteyn bu sözləri 2011-ci ildə New York Post qəzetinə verdiyi müsahibədə deyərək özünü müdafiə etmişdi. O, fikrini belə davam etdirmişdi:
“Qatil ilə çörək oğurlayan insan arasındakı fərq də məhz budur.”

Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında ölü tapıldı. Həmin vaxt o, insan alveri və azyaşlıları fahişəliyə cəlb etmə ittihamı ilə məhkəməni gözləyirdi və girov qarşılığında azadlığa buraxılmaq imkanı yox idi.

Bu, onun azyaşlıya fahişəlik təklif etdiyinə görə məhkum edilməsindən və cinsi cinayətkar kimi rəsmi qeydiyyata alınmasından on ildən çox sonra açılan ikinci böyük iş idi. Bu dəfə Epşteyn azyaşlı qızlardan ibarət geniş istismar şəbəkəsi yaratmaqda ittiham olunurdu. O isə bütün ittihamları rədd edir, özünü təqsirsiz sayırdı.

Epşteyn sənədləri və ABŞ-da qalmaqal

2025-ci ilin noyabrında ABŞ Konqresinin hər iki palatası “Epşteyn Sənədləri Şəffaflıq Aktı”nı böyük səs çoxluğu ilə qəbul etdi. Ardınca ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Epşteynlə bağlı bütün istintaq materiallarının 19 dekabradək açıqlanması barədə sərəncam verdi.

30 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyi 3 milyondan çox sənədi ictimaiyyətə təqdim etdi. Həmin materiallar arasında Epşteynin təxminən iki saatlıq videosu da yer alırdı. Videoda ona “özünü şeytan hesab edib-etmədiyi” soruşulur, Epşteyn isə “yaxşı güzgüm var” deyə cavab verir. Bu görüntülərin kim tərəfindən və hansı məqsədlə çəkildiyi hələ də məlum deyil.

Baş prokurorun müavini Todd Blanş sənədlərin dərcindən sonra bildirib ki, uzun və detallı araşdırma prosesi artıq yekunlaşıb. Bununla belə, bəzi demokrat siyasətçilər hökumətin hələ də əsaslı səbəb göstərmədən bir sıra sənədləri gizli saxladığını iddia edir.

Açıqlanan sənədlər Epşteynin həm şəxsi həyatına, həm də onunla əlaqədə olan nüfuzlu çevrəyə işıq salır.

Müəllimlikdən milyarderliyə

Nyu-Yorkda anadan olan Epşteyn 1970-ci illərdə elit Dalton School-da riyaziyyat və fizika müəllimi kimi çalışıb. Universitetdə bu ixtisaslar üzrə təhsil alsa da, məzun olmayıb.

Deyilənə görə, tələbələrindən birinin atası Epşteyndən təsirlənərək onu Wall Street-dəki Bear Stearns investisiya bankının rəhbər şəxsləri ilə tanış edib. Cəmi dörd il sonra Epşteyn bankın ortağı olub, 1982-ci ildə isə öz şirkətini – J. Epstein & Co-nu yaradıb.

Şirkət milyardlarla dollar dəyərində aktivləri idarə edir, Epşteyn isə qısa zamanda böyük sərvət toplayır. Florida və Nyu-Meksikoda mülklər, Nyu-Yorkda şəhərin ən böyük şəxsi evi, özəl təyyarələr və məşhur simalarla yaxın münasibətlər onun həyatının bir hissəsinə çevrilir.

Donald Tramp 2002-ci ildə New York jurnalına müsahibəsində Epşteyni “möhtəşəm adam” adlandırmış, onunla vaxt keçirməyin çox əyləncəli olduğunu demişdi. Daha sonra Tramp Epşteynlə əlaqələrinin illər əvvəl kəsildiyini və heç bir qanunsuzluqda iştirak etmədiyini dəfələrlə vurğuladı.

Məhkumluq və “əsrin razılaşması”

2005-ci ildə 14 yaşlı qızın ailəsi Epşteyni cinsi istismarda ittiham etdi. Polis araşdırması zamanı evdə çoxsaylı azyaşlı qızların fotoları tapıldı. Onlarla qurban eyni hadisələri təsvir edirdi.

Buna baxmayaraq, 2008-ci ildə prokurorluq Epşteynlə razılaşmaya getdi. O, ömürlük həbs təhlükəsindən xilas oldu və cəmi 18 ay həbs cəzası aldı. Bu müddətdə gündüzlər ofisinə gedib-gəlməsinə icazə verilmişdi. Bu razılaşma sonradan “əsrin hüquqi qalmaqalı” adlandırıldı.

Həbsxanada ölüm və sonu bitməyən suallar

Epşteyn 2019-cu ilin iyulunda yenidən həbs edildi. Avqustun 10-da isə kamerada ölü tapıldı. Rəsmi açıqlamaya görə, intihar etmişdi. Lakin bu versiya bu günə qədər geniş mübahisələrə səbəb olur.

Onun ölümündən sonra əsas diqqət keçmiş sevgilisi Ghisleyn Maksvelə yönəldi. Maksvel 2021-ci ildə azyaşlıların cinsi istismarına yardım etdiyinə görə təqsirli bilinərək 20 il həbs cəzasına məhkum edildi.

Bu işlər Epşteyn qalmaqalının təkcə bir şəxslə məhdudlaşmadığını, güclü və nüfuzlu dairələri əhatə etdiyini bir daha ortaya qoydu./Haberler/