Qəzzada idarəetmə və yenidənqurma prosesinə nəzarət edəcək beynəlxalq Şuranın tərkibi açıqlanıb. Siyahıda keçmiş baş nazirlər, milyarderlər və yüksək vəzifəli rəsmilər yer alır.
Cagdas.az bildirir ki, Financial Times nəşrinin yazdığına görə, Qəzza üzrə yaradılan Sülh Şurasının planları kifayət qədər iddialıdır. Söhbət təkcə Qəzzanın idarə olunmasından yox, eyni zamanda digər regional münaqişələrin nizamlanmasından gedir. Uzunmüddətli perspektivdə isə bu qurumun BMT-yə alternativ kimi formalaşması və hətta onu əvəzləməsi istisna edilmir.
Ağ Ev Qəzzanın idarə olunması məqsədilə Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin (NCAG) yaradıldığını və beynəlxalq Sülh Şurasının tərkibini elan edib. Bu barədə Ağ Evin rəsmi saytında yayımlanan press-relizdə məlumat verilib.
NCAG-yə daha əvvəl Fələstin Milli Administrasiyasında yüksək vəzifələr tutmuş Əli Şaass rəhbərlik edəcək. O, Qəzzada əsas dövlət xidmətlərinin bərpasına, vətəndaş institutlarının yenidən qurulmasına və gündəlik həyatın sabitləşdirilməsinə nəzarət edəcək.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurasının konsepsiyasını həyata keçirmək üçün diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahəsində təcrübəyə malik şəxslərdən ibarət İcraedici Şura formalaşdırılıb.
İcraedici Şuraya aşağıdakı şəxslər daxildir:
– ABŞ dövlət katibi Marko Rubio
– ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff
– Donald Trampın kürəkəni Cared Kuşner
– Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer
– ABŞ-li milyarder Mark Rouen (Trampın seçki kampaniyalarının əsas sponsorlarından biri)
– Dünya Bankının rəhbəri Acay Banqa
– ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel
Şura üzvlərinin hər biri Qəzzanın sabitləşdirilməsi və uzunmüddətli inkişafı üçün müəyyən sahələrə cavabdeh olacaq. Bunlara idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələrin inkişafı, yenidənqurma işləri, investisiyaların cəlbi, iri həcmli maliyyələşmə və kapitalın səfərbər edilməsi daxildir.
Sülh Şurasının baş məsləhətçiləri vəzifəsinə ABŞ Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrünbaum və 2017–2021-ci illərdə ABŞ-ın İsraildəki səfiri Devid Fridmanın baş müşaviri olmuş Arie Laytstoun təyin edilib. Onlar Şuranın gündəlik strateji idarəetməsi və operativ fəaliyyətinə cavabdeh olacaqlar.
Bundan əlavə, Ali Nümayəndənin Ofisi və NCAG-ni dəstəkləmək məqsədilə Qəzza üzrə İcraedici Şura yaradılıb. Bu qurumun tərkibinə:
– Türkiyənin xarici işlər naziri Hakan Fidan
– BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim Əl-Haşimi
– Niderlandın sabiq baş nazir müavini Siqrid Kaag
– milyarder Mark Rouen
– iş adamı Yakır Qabay daxil edilib.


