Qəzza zolağında azı 8 min insanın meyitinin hələ də dağıntılar altında qaldığı bildirilir.
Çağdaş.Az xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti mülki müdafiə xidmətinin sözçüsü Mahmud Bassala istinadən məlumat yayıb.
Bassalın sözlərinə görə, mövcud texnika köhnəlib və iki il davam edən hərbi əməliyyatların yaratdığı genişmiqyaslı dağıntıları aradan qaldırmaq üçün kifayət etmir.
“Bu rəqəm daha yüksək ola bilər. Hər gün yeni adlar ortaya çıxır”, – deyə qəzet onun sözlərini sitat gətirib.
Mülki müdafiə rəsmisi həmçinin bölgədə siçovul və sahibsiz heyvanların sürətlə çoxaldığını, bunun isə ciddi sanitariya və sağlamlıq problemi yaratdığını bildirib.
Məlumata görə, İsrail dağıntıların təmizlənməsi üçün lazım olan ağır texnikanın Qəzzaya daxil olmasına razılıq vermir. İsrail ordusu yalnız gəmiricilərlə mübarizə üçün kimyəvi vasitələrin çatdırılmasına icazə verib.
BMT-nin məlumatına əsasən, Qəzzada 61 milyon tondan çox dağıntı qalır və indiyədək bunun cəmi 1 faizi təmizlənib.
İsrailin hava zərbələri, quru əməliyyatları və planlı dağıntılar nəticəsində Qəzza zolağında 123 mindən çox bina tamamilə məhv olub, əlavə 75 min bina isə zədələnib. Bu, bölgədəki bütün tikililərin təxminən 81 faizini təşkil edir.
“The Wall Street Journal” nəşri Qəzzanın tam bərpası və dağıntıların təmizlənməsi üçün 1 milyard dollardan çox vəsait tələb olunduğunu yazıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Donald Trumpın təklif etdiyi sülh planının ilk mərhələsinin icrası barədə razılığa gəlib. Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Yaxın Şərqdə gərginlik 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə hücumu ilə yenidən alovlanmışdı. Bundan sonra İsrail HƏMAS-ın hərbi və siyasi infrastrukturunu məhv etmək və girovları azad etmək məqsədilə genişmiqyaslı əməliyyata başlamışdı.
















