Son dəqiqə
Reklam
Reklam

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir…

Cəmiyyət

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmə işi ictimaiyyətin diqqət mərkəzindədir. Sentyabrın 21-də keçirilən hazırlıq iclasında Ramiz Mehdiyevin prosesə onlayn qoşulması ilə bağlı müraciətinə baxılıb. Oktyabrın 5-də keçirilən prooses ictimaiyyətə və mediaya qapalı olub.
Hakim Murad Aslanovun sədrlik etdiyi iclasda nələrin müzakirə olunduğu və Mehdiyevin hansı mövqe sərgilədiyi barədə məlumat verilməyib.

Maraqlıdır, son illər təqsirləndirilən şəxsin məhkəməyə onlayn qoşulması halları olubmu? Ümumiyyətlə qanunvericilikdə bu haqda nə deyilir?

Cagdas.az bildiriri ki Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin məhkəmə iclasına onlayn qoşulması qanunvericilikdə nəzərdə tutulmuş iştirak formasıdır.

“Azərbaycanda bu təcrübə illərdir ki, tətbiq olunmaqdadır. Buna görə təkcə onun məhkəmə zalına gəlməməsinə əsaslanaraq qanunu pozduğunu söyləmək doğru olmazdı. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin hazırda qüvvədə olan 51-3.4-cü maddəsi videokonfrans vasitəsilə iştiraka imkan verir. Qanun şəxsin səhhətinin vəziyyəti məhkəmə iclasında birbaşa iştirakını qeyri-mümkün etdikdə videokonfransdan istifadəyə yol verir. Lakin təqsirləndirilən şəxsin “səhhətimdə problem var” deməsi və onlayn iştirak etmək istəməsi kifayət etmir. Məhkəmə göstərilən səbəbləri yoxlamalı və əsaslandırılmış qərar qəbul etməlidir”.

Əliməmməd Nuriyev vurğulayıb ki, ahıl yaş sağlamlıq vəziyyətinin qiymətləndirilməsində nəzərə alına bilər, amma öz-özlüyündə avtomatik onlayn iştiraka əsas yaratmır.

“Onlayn iştirakın necə təşkil edilməsi də əhəmiyyətlidir. Təqsirləndirilən şəxs prosesi görüb-eşitməli, ifadə verməli, sualları cavablandırmalı və müdafiə hüququndan da istifadə edə bilməlidir. Onun şəxsiyyəti müəyyən edilməli, əlaqənin texniki keyfiyyəti təmin olunmalı, video yazı aparılmalı və protokol tərtib edilməlidir. Evdən qoşulma halında da bu tələblər qüvvədə qalır. Ramiz Mehdiyevdən əvvəl də belə halların olub-olmaması barədə konkret faktlar vardır. Ədliyyə Nazirliyinin məlumatına görə, 15 iyul 2020-ci ildən cəzaçəkmə müəssisələri üzrə məhkəmə proseslərinin videokonfrans vasitəsilə keçirilməsinə başlanılıb. Həmin ilin avqustunda artıq 400-ə yaxın işə bu qaydada baxıldığı açıqlanıb. Bunların sırasında cəzadan vaxtından əvvəl şərti azad edilmə və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmə məsələləri də olmuşdur”.

Ə.Nuriyev daha sonra əlavə edib:

“Ramiz Mehdiyevin haqqında həbs qətimkan tədbirinin seçilməməsinin əsaslarından biri də o idi ki, onun səhhəti ilə bağlı problemi var və məhkəmə qərarı əsaslandırırsa, müdafiə hüququ təmin olunursa, onun onlayn iştirakı hüquqa uyğundur. Eyni vəziyyətdə olan hər bir şəxsə də həmin meyarlarla yanaşılmalıdır. Keçmiş vəzifəsi nə əlavə imtiyaz yaratmalı, nə də qanunda nəzərdə tutulan hüquqlardan istifadəyə mane olmalıdır. Hesab edirəm ki, məhkəmə bu məsələdə yetərli qədər əsaslar görərək bu qənaətə gəlmişdir”.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.