Son dəqiqə
Reklam
Reklam

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir

Cəmiyyət

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası qapalı keçirilib. Prosesə kənar şəxslərin buraxılmaması səbəbindən iclasda nələrin müzakirə edildiyi və Ramiz Mehdiyevin hansı mövqe sərgilədiyi barədə məlumat verilməyib. Onun ifadəsi ilə bağlı məlumatlar sirr kimi saxlanılır.

İctimaiyyət üçün əsas maraq doğuran məqam isə qapalı keçirilən iclasda hansı detalların müzakirə olunmasıdır. İclas niyə qapalı keçirilir? Proseslə bağlı yeni detallar nə vaxt açıqlana bilər?

Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, məhkəmə iclasının qapalı keçirilməsi qanunvericilikdə nəzərdə tutulan hallarda mümkündür:

“Cinayət işləri üzrə məhkəmə iclasları bir qayda olaraq açıq keçirilir. Lakin dövlət, peşə və ya kommersiya sirrinin qorunması, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məsələlər və qanunla nəzərdə tutulan digər hallar olduqda məhkəmə prosesi qapalı keçirilə bilir. Bu zaman prosesin hansı hissəsinin və hansı əsasla qapalı keçirilməsi məhkəmənin qərarı ilə müəyyənləşdirilir”.

M.Muradlının sözlərinə görə, iclasın qapalı keçirilməsi proses barədə bütün məlumatların ictimaiyyətə açıqlanmayacağı anlamına gəlmir:

“Məhkəmənin qərarları və prosesin nəticələri qanunvericiliyin tələbləri nəzərə alınmaqla açıqlana bilər. Bununla belə, qapalı iclas zamanı müzakirə olunan konkret məsələlər və tərəflərin mövqeyi prosesin məxfiliyinə aid olduğu halda ictimaiyyətə təqdim olunmur. Yeni detalların nə vaxt açıqlanacağı isə məhkəmənin qərarından və iş üzrə sonrakı prosessual mərhələlərdən asılıdır”.