Son dəqiqə

Rolls-Royce yeni iki nəfərlik elektrik avtomobilini TƏQDİM ETDİ – FOTO

Gündəm

Lüks avtomobil istehsalçısı Rolls-Royce Motor Cars yeni iki nəfərlik elektrik kabriolet modelini təqdim edib.

Çağdaş.Az-ın xəbərinə görə, BMW konserninə məxsus olan şirkət bildirib ki, “Project Nightingale” adlı bu modeldən cəmi 100 ədəd istehsal olunacaq. Avtomobillər Goodwooddakı zavodda əl ilə yığılacaq və müştərilərə çatdırılmasına 2028-ci ildən başlanması planlaşdırılır.

Şirkət qeyd edib ki, tam elektrik olması səbəbindən avtomobil demək olar ki, “mexaniki səs-küy olmadan” işləyəcək.

Xatırladaq ki, Rolls-Royce Motor Cars ötən ay 2030-cu ildən etibarən yalnız elektrik avtomobilləri satmaq planından imtina etdiyini və bu tarixdən sonra da benzin mühərrikli modellər istehsal edəcəyini açıqlamışdı.

“Project Nightingale” modelinin uzunluğu 5,76 metr olacaq ki, bu da markanın flaqman sedanı olan Rolls-Royce Phantom ilə təxminən eynidir.

Avtomobil uzun kapotu və “torpedo formalı” dizaynı ilə seçiləcək. Dizayn 1920-ci illərin eksperimental EX modellərindən və Art Deco üslubundan ilhamlanıb.

Şirkətin baş direktoru Chris Brownridge bildirib ki, bu model markanın ən iddialı layihələrindən biridir: “Müştərilərimiz bizdən ən cəsarətli işi gözləyirdi və biz bunu unikal dizayn azadlığı, güclü və səssiz elektrik sistemi və açıq tipli sürüş təcrübəsi ilə birləşdirdik”.

Onun sözlərinə görə, “Project Nightingale” hazırda Rolls-Royce-un imkanlarının “ən dəbdəbəli ifadəsidir”.

Şirkət avtomobilin qiymətini açıqlamasa da, modelin 500 min funt sterlinqdən 20 milyon funt sterlinqə qədər qiymətləndirilən xüsusi sifariş və “coachbuild” kateqoriyaları arasında yer alacağı bildirilib.