Türkiyə Prezident Administrasiyası yanında Kibertəhlükəsizlik İdarəsi ölkədə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini kəskin şəkildə məhdudlaşdıran normativ akt qəbul edib.
Çağdaş.Az xəbər verir ki, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və bu barədə rəsmi “Resmi Gazete” bülletenində müvafiq sənəd dərc olunub.
Yenilənmiş qaydalara əsasən, 15 yaşından kiçik şəxslərə sosial media platformalarından istifadə etmək tamamilə qadağan olunur. 18 yaşınadək olan istifadəçilər üçün isə sosial şəbəkə şirkətləri xüsusi təhlükəsizlik rejimi, məxfilik qorunması və məzmun məhdudiyyətləri tətbiq etmək məcburiyyətində olacaqlar.
Sənədə əsasən, artıq mövcud olan sosial media hesablarının sahibləri 2027-ci il martın 31-dək öz yaşlarını rəsmi şəkildə təsdiqləməlidirlər. Yaşını təsdiqləməyən və ya yaş həddinə düşməyən istifadəçilərin profilləri avtomatik olaraq bloklanacaq. Rəsmi Ankara bu addımın uşaqların psixoloji sağlamlığını və kiberməkanda təhlükəsizliyini qorumaq məqsədilə atıldığını bəyan edib./Referans Media/


