Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynada döyüşlərin dayandırılması üçün Ukrayna Silahlı Qüvvələri Donbas bölgəsindən geri çəkilməlidir. Onun sözlərinə görə, Rusiya qarşıya qoyduğu məqsədlərə çatdıqdan sonra hərbi əməliyyatları başa çatdırmağı planlaşdırır.
Cagdas.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna böhranının həlli prosesinə toxunub. O, dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutduğunu xatırladaraq, liderlərin Ukraynada Milad münasibətilə atəşkəsin elan edilməsi ehtimalını müzakirə etmədiklərini qeyd edib.
Kremlin sözçüsü Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada keçirilən görüşün nəticələri barədə məlumatlarının olmadığını bildirib. Bu məsələnin Tramp və Putin arasında planlaşdırılan növbəti telefon danışığında aydınlaşacağını deyən Peskov, görüşün yaxın vaxtlarda baş tutacağını vurğulayıb.
Putinlə Zelenski arasında telefon danışığının mümkünlüyü barədə suala isə Peskov qısa cavab verərək, bunun gündəmdə olmadığını deyib.
Peskov həmçinin Trampın tərəflərin Ukrayna böhranının həllinə yaxınlaşdığı və danışıqların artıq son mərhələyə çatdığı ilə bağlı fikirləri ilə razılaşdıqlarını bildirib.
Ukraynadakı döyüşlərin hansı şərtlə dayandırıla biləcəyi sualına cavab verən Kremlin sözçüsü qeyd edib ki, bu, Ukrayna qüvvələrinin Donbasdan inzibati sərhədlərdən kənara çəkilməsi ilə mümkün ola bilər. Onun sözlərinə görə, Rusiya məhz bu şərtlə əməliyyatları dayandırmağı nəzərdə tutur.
Peskov Ukrayna hərbçilərinin Xerson və Zaporojye bölgələrindən çıxarılması ehtimalını şərh etməyib. O, eyni zamanda Donbasda azad iqtisadi zonanın yaradılması və Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının ABŞ ilə birgə idarə olunması ehtimalını da dəyərləndirmək istəmədiyini bildirib.


