Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması halında bu ölkəyə enerji daşıyıcılarının tədarükü ilə bağlı mövcud yanaşmasına yenidən baxa bilər.
Cagdas.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMЭМО RAN) baş elmi işçisi, tarix elmləri doktoru Aleksandr Krılov “ Lenta.ru” ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın Avrasiya İqtisadi İttifaqındakı müttəfiqləri ilə iqtisadi münasibətlər qurması ilə bir ölkənin Avropa İttifaqına üzv olmaq niyyətini bəyan etməsi arasında ciddi fərq var.
Ekspert hesab edir ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərdən sonra növbəti addımı İrəvana enerji daşıyıcılarının güzəştli şərtlərlə tədarükünə yenidən baxmaq ola bilər.
Krılov bununla yanaşı qeyd edib ki, Moskva Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Avropa İttifaqı ölkələrinə enerji daşıyıcılarının tədarükünü davam etdirir.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı ölkələrinin Ermənistanın qurumda üzvlüyü ilə bağlı referendum keçirilməsi təklifinə hörmətlə yanaşdığını bildirib.
Bununla belə, Paşinyan hazırda Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsinin mümkün olmadığını qeyd edib.(sfera.az)















