Son dəqiqə
Reklam
Reklam

Rusiyanın PUA hücumunda ölən kapitanın nəşi Azərbaycana GƏTİRİLİR

Cəmiyyət

Ukraynadan İtaliyaya taxıl daşıyan “Röyad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan azərbaycanlı ekipaj üzvlərindən birinin cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı prosedurlar davam etdirilir.

Cagdas.az bildirir ki bu barədə Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı məlumat verib.

Onun sözlərinə görə, gəminin kapitanı Rüstəm Həsənovun cənazəsi müvafiq prosedurlar tamamlandıqdan sonra Azərbaycana göndəriləcək.

“Gəminin kapitanının cənazəsi müvafiq prosedurlar tamamlandıqdan sonra Vətənə yola salınacaq. Aşpazın isə axtarılması tədbirləri həyata keçirilir. Görək, nə olur”, – deyə Q.Osmanlı bildirib.

O qeyd edib ki, hadisə nəticəsində yaralanan digər 3 azərbaycanlı ekipaj üzvünün də tibbi prosedurlar başa çatdıqdan sonra Azərbaycana qayıtması gözlənilir.

Qeyd edək ki, Ukraynadan İtaliyaya taxıl daşıyan “Röyad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə Rusiyanın PUA hücumuna məruz qalıb. Hücum nəticəsində azərbaycanlı ekipaj üzvləri – gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadə həlak olub. Rüstəm Həsənovun ehtiyatda olan polkovnik olduğu bildirilir. Gəminin heyətində ümumilikdə 13 nəfər olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.