Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını 2026-cı il iyunun 24-də ictimaiyyətə açıqlayacaq.
Cagdas.az xəbər veririki bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, qərar inflyasiya proqnozları, makroiqtisadi təhlillər və ümumi iqtisadi vəziyyət nəzərə alınmaqla qəbul ediləcək. İnflyasiya proqnozunun hədəfdən kənarlaşma riski yarandığı halda, adekvat pul siyasəti tədbirlərinin görüləcəyi vurğulanıb.
Qeyd edək ki, son olaraq mayın 26-da AMB İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% müəyyən edilib.
Beynəlxalq Valyuta Fondu (BVF) isə hesab edir ki, mövcud inflyasiya şəraitində hazırkı faiz səviyyələri əsasən adekvat olsa da, risklər artarsa, AMB uçot dərəcəsini artırmağa hazır olmalıdır. Fondun qiymətləndirməsinə görə, inflyasiya təzyiqləri gücləndiyi halda mərkəzi bankın daha sərt monetar siyasət tətbiq etməsi vacibdir.
BVF-nin proqnozlarına əsasən, Azərbaycanda inflyasiya 2026-cı ildə 6%, 2027-ci ildə 4,2% səviyyəsinə enəcək və növbəti illərdə 4% ətrafında sabitləşəcək.
Eyni zamanda AMB ölkədə kapital bazarının inkişafını prioritet istiqamət kimi qiymətləndirir. 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində yeni maliyyə alətləri və rəqəmsal həllərin tətbiqi ilə bazarın dərinləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Rəsmi məlumatlara görə, 2025-ci ildə korporativ qiymətli kağızlar üzrə ilkin bazarın həcmi təxminən 801 milyon manat, təkrar bazarın həcmi isə 283 milyon manat təşkil edib.
AMB bildirir ki, qarşıdakı dövrdə institusional və fərdi investorların bazara çıxışının genişləndirilməsi, maliyyə savadlılığının artırılması və rəqəmsal ticarət platformalarının inkişafı əsas prioritetlərdəndir. Bu addımlar kapital bazarının daha dərin və dayanıqlı olmasına xidmət edəcək.(milli.az)
















