Son dəqiqə

“Sakit ol, kovboy”: Trampdan dünyaya ardıcıl təhdidlər

Dünya

Nikolas Maduronun ələ keçirilməsindən sonra Venesuelaya qarşı “ikinci hücum” ehtimalını gündəmdə saxlayan ABŞ Prezidenti Donald Tramp, digər Latın Amerikası ölkələrini də hədəf alan sərt bəyanatlarını davam etdirir.

Cagdas.az xəbər verir ki, Tramp Florida ştatından Vaşinqtona qayıdarkən prezident təyyarəsində verdiyi açıqlamalarla təkcə Latın Amerikasını deyil, qlobal siyasəti də yeni bir gərgin mərhələnin astanasına gətirib çıxardı. Venesueladan Kolumbiyaya, Meksikadan Kubaya qədər uzanan bu ardıcıl təhdidlər Trampın xarici siyasətdə “təhdid və güc nümayişi”nə əsaslanan yanaşmasını yenidən ön plana çıxardı. Eyni günlərdə Qrenlandiya ilə bağlı “ona mütləq ehtiyacımız var” sözləri isə Vaşinqtonun müdaxiləçi ambisiyalarının sərhəd tanımadığını bir daha göstərdi. Xüsusilə dörd Latın Amerikası ölkəsinin birbaşa hədəfə alınması, ABŞ-ın regiona münasibətində yeni müdaxilə dalğasının başlayıb-başlamadığı sualını gündəmə gətirdi. Diplomatik dairələr bu kursu “kovboy diplomatiyası” adlandırır — yəni problemləri danışıqlar yox, təhdid və güc yolu ilə həll etməyə çalışmaq.

Venesuelaya “ikinci hücum” eyhamı
Trampın ən sərt mesajı Venesuelaya yönəldi. ABŞ prezidenti “Venesuelaya ikinci hücum üçün hər şey hazırdır, amma bunu zəruri saymıram” deməklə gərginliyi daha da artırdı. O, Venesuelanın vitse-prezidenti Delsi Rodriqeslə yaxın təmasların olduğunu bildirib və “Venesuelada nəzarət bizdədir” ifadəsini işlədib. Tramp Rodriqeslə şəxsən görüşmədiyini, lakin administrasiyadakı bəzi şəxslərin bu təmasları apardığını deyib və onun ABŞ-la əməkdaşlıq etdiyini vurğulasa da, təfərrüata varmayıb.

“Xəstə adam” ifadəsi
Trampın Kolumbiyaya yönəlik sözləri diplomatik etikadan kənar, açıq hücum xarakteri daşıyıb. O, Kolumbiya prezidenti Qustavo Petronu hədəf alaraq ölkənin “xəstə bir adam” tərəfindən idarə edildiyini iddia edib. Daha çox diqqət çəkən məqam isə Trampın “Kolumbiya əməliyyatı yaxşı səslənir” deməsi olub. Bu ifadə mümkün hərbi və ya siyasi müdaxiləyə işarə kimi geniş rezonans doğurub. Müşahidəçilər bunu ABŞ-ın ideoloji baxımdan uyğun saymadığı hökumətlərə qarşı sərtləşən xəttinin göstəricisi kimi dəyərləndirirlər.

Meksikaya açıq xəbərdarlıq
Trampın hədəfində olan növbəti ölkə Meksika olub. ABŞ prezidenti “Meksika ilə bağlı nəsə etməliyəm, davranışlarına çəki-düzən verməlidir” deməklə cənub qonşusuna açıq mesaj göndərib. Trampın Meksika ilə bağlı sərt ritorikası yeni olmasa da, bu dəfəki ifadələr mümkün sanksiya və ya müdaxilə ehtimalını xatırladacaq dərəcədə kəskin olub.

Kuba ilə ideoloji qarşıdurma
Trampın Kuba barədə dedikləri ideoloji qarşıdurmanın davam etdiyini göstərir. O, Kuba üçün “dağılmaq üzrədir” deyə fikir səsləndirib. Halbuki Vaşinqtonun Havana hakimiyyətini uzun illərdir iqtisadi və siyasi təzyiq altında saxladığı məlumdur. Tramp administrasiyası Kubanı Venesuela lideri Maduronu dəstəkləməkdə də ittiham edir.

Qrenlandiya da hədəfdə
Trampın Qrenlandiya ilə bağlı açıqlamaları bu aqressiv xarici siyasətin yalnız Latın Amerikası ilə məhdudlaşmadığını ortaya qoydu. “Qrenlandiyaya mütləq ehtiyacımız var” deyən ABŞ prezidenti adanı müdafiə baxımından Vaşinqton üçün vazkeçilməz adlandırdı. O, Qrenlandiyanın strateji mövqeyinə diqqət çəkərək ətraf sularda Rusiya və Çinə məxsus çoxsaylı gəmilərin olduğunu, bu səbəbdən ABŞ-ın adaya ehtiyac duyduğunu bildirdi. Tramp həmçinin Danimarkanın bu yükü təkbaşına daşıya bilməyəcəyini deyərək dolayı yolla təzyiq mesajı verdi.