Türkiyə futbolunun tanınmış simalarından olan və son olaraq “Beşiktaş”ın baş məşqçisi vəzifəsində çalışan təcrübəli mütəxəssis Sergen Yalçının yeni iş yeri məlum olub.
Cagdas.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlum olub ki, bir müddətdir məşqçilik karyerasına fasilə verən tanınmış futbol adamı yenidən ekranlara qayıtmaq qərarı alıb.
O, builki Dünya Çempionatı boyu tanınmış jurnalist Candaş Tolga Işıkın layihəsində futbol eksperti kimi çıxış edəcək. Məşhur idman mütəxəssisinin turnir matçlarını “KAFA Sports” “YouTube” kanalında şərh edəcəyi bildirilir. Layihənin heyəti olduqca diqqətçəkəndir. Sergen Yalçınla yanaşı, turnir müddətində Okan Buruk, Arda Turan, Nuri Şahin, Emre Belözoğlu, Acun Ilıcalı, Caner Erkin, Hamit Altıntop və Şenol Güneş kimi tanınmış adlar da oyunları şərh etmək üçün proqramda yer alacaqlar.
Qeyd edək ki, “Beşiktaş”ın Türkiyə Kubokunun yarımfinalında turnirlə vidalaşmasından sonra klub rəhbərliyi ilə görüşən Sergen Yalçın ötən ayın ortalarında İstanbul təmsilçisindən ayrılmışdı. Ağ-qaralıların sükanı arxasında 39 rəsmi matça çıxan mütəxəssis bu qarşılaşmalarda 20 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət alıb.(metbuat.az)
















