Bəzi metro stansiyalarında eskalatorların olmaması sərnişinlər üçün ciddi narahatlıq yaradır. Xüsusilə yaşlılar, əlilliyi olan şəxslər və ağır yük daşıyan vətəndaşlar pilləkənlərdən istifadə etməkdə çətinlik çəkirlər.
Maraqlıdır, gələcəkdə bu stansiyalarda mövcud pilləkənlərin eskalatorlarla əvəz olunması və ya əlavə eskalatorların quraşdırılması mümkündürmü?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bir çox xarici ölkələrin metro sistemlərində yüngül konstruksiyalı eskalatorlardan geniş istifadə olunur.
Onun sözlərinə görə, müasir eskalatorların quraşdırılması sərnişin axınının daha rahat tənzimlənməsinə və insanların hərəkətinin asanlaşdırılmasına xidmət edir:
“Bu gün şəhərin müxtəlif ərazilərində, o cümlədən ticarət mərkəzlərində eskalatorlardan geniş şəkildə istifadə olunur. Hündür platformaya malik metro stansiyalarında yüngül konstruksiyalı eskalatorların quraşdırılması məqsədəuyğundur. Məsələn, belə stansiyalar sırasında “Həzi Aslanov” və “Xalqlar Dostluğu” stansiyalarının müəyyən giriş-çıxış hissələrini göstərmək olar”.
Ekspert qeyd edib ki, bəzi stansiyalarda platformaların və keçidlərin xüsusiyyətləri səbəbindən müəyyən texniki məhdudiyyətlər mövcuddur. Buna baxmayaraq, sərnişinlərin rahatlığını artırmaq üçün giriş və çıxışlarda hərəkətin sadələşdirilməsi istiqamətində tədbirlərin görülməsi vacibdir.
Aslan Əsədovun fikrincə, texniki imkanların olduğu stansiyalarda əlavə eskalatorların quraşdırılması həm sərnişinlərin rahatlığına, həm də metro infrastrukturunun əlçatanlığının artırılmasına müsbət təsir göstərə bilər.
















