Səudiyyə Ərəbistanı İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı narahatlığını ABŞ administrasiyasına rəsmi şəkildə çatdırıb. Riyadın Vaşinqtona etiraz notası təqdim etdiyi bildirilir.
Çağdaş.Az xəbər verir ki, İsrailin dövlət televiziyası “KAN”ın yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hərbi fəaliyyətlərindən narazılığını diplomatik kanallar vasitəsilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına çatdırıb.
Məlumata əsasən, Riyad İsrailin Livandakı hərbi fəaliyyətlərini “xaotik və plansız” hesab edir. Səudiyyə rəsmilərinin fikrincə, İsrail rəhbərliyinin əməliyyatların idarə olunması ilə bağlı aydın strategiyası yoxdur.
Bundan əlavə, Səudiyyə Ərəbistanının İsrail Baş naziri Benjamin Netanyahunun Livandakı əməliyyatları genişləndirməklə münaqişəni Körfəz regionuna yaymağa və ABŞ ilə İran arasında formalaşan mümkün anlaşmanı pozmağa çalışdığından şübhələndiyi qeyd olunur.
Məlumatda Riyadın Livandakı daxili vəziyyətin nəzarətdən çıxmasından ciddi narahatlıq keçirdiyi vurğulanır. Həmçinin Səudiyyə Ərəbistanının son dövrlərdə Livan parlamentinin sədri Nabih Berri ilə əlaqələrini gücləndirdiyi iddia edilir.
Səudiyyə rəhbərliyinin məqsədinin Livan dövlət institutlarını gücləndirmək və Hizbullahın hərbi-siyasi təsir imkanlarını azaltmaq olduğu bildirilir.
Xatırladaq ki, İsrail ordusu martın 2-dən etibarən Livana qarşı genişmiqyaslı hava əməliyyatlarına başlayıb və ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrində hərbi fəaliyyətlərini genişləndirib.
Livan hökumətinin məlumatına görə, münaqişə nəticəsində bir milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan müvəqqəti atəşkəs bir neçə dəfə uzadılsa da, tərəflər arasında gərginlik tam aradan qalxmayıb. ABŞ Dövlət Departamenti iyunun əvvəlində daha geniş atəşkəs razılaşmasının əldə olunduğunu açıqlasa da, Hizbullah bu şərtləri qəbul etmədiyini bəyan edib.
Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 3 666 nəfər həyatını itirib.
Bütün bunların fonunda İsrail ordusunun Livanın cənubundakı əməliyyatlarının miqyasını artırdığı bildirilir ki, bu da regionda yeni eskalasiya risklərini gündəmdə saxlayır.
















