ABŞ tarixinin ən ağır kəşfiyyat xəyanətlərindən birinə imza atan, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Oldriç Eymes həbsxanada vəfat edib.
Cagdas.az “Politico”ya istinadən xəbər verir ki, O, 84 yaşında Merilend ştatındakı federal həbsxanada dünyasını dəyişib.
ABŞ Həbsxanalar Bürosunun sözçüsü Eymesin bazar ertəsi günü öldüyünü təsdiqləyib.
Oldriç Eymes 1985–1994-cü illər arasında Sovet İttifaqı və daha sonra Rusiyaya ABŞ kəşfiyyat sirlərini satdığını, bunun müqabilində Moskvadan 2,5 milyon dollar aldığını etiraf etmişdi. O, ABŞ və Böyük Britaniya üçün casusluq edən 10 rusiyalı və bir Şərqi Avropa mənşəli şəxsin kimliyini ifşa etdiyini də qəbul etmişdi.
Məhz bu xəyanətlərin nəticəsində Qərb kəşfiyyatına çalışan bir sıra agentlərin edam edildiyi bildirilir. Bu hadisə CIA üçün ciddi zərbə hesab olunurdu.
Eymes məhkəmə prosesi olmadan casusluq və vergi fırıldağı ittihamları üzrə günahını etiraf edib və şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum olunub. Prokurorların sözlərinə görə, o, ABŞ-ı illərlə son dərəcə qiymətli kəşfiyyat məlumatlarından məhrum edib.
Məhkəmədə çıxışı zamanı Eymes etdiyi xəyanətə görə “dərin utanc və vicdan əzabı” çəkdiyini desə də, vurduğu zərərin miqyasını kiçiltməyə çalışıb. O, ABŞ-a ciddi ziyan vurmadığını və Moskvaya əhəmiyyətli üstünlük qazandırmadığını iddia edib.
“Bu casus müharibələri əslində ikinci dərəcəli hadisələrdir və ölkəmizin əsas təhlükəsizlik maraqlarına real təsir göstərməyib”, – deyə o, məhkəmədə soyuqqanlı şəkildə bildirib.
Cəza elan edilməzdən bir gün əvvəl The Washington Post qəzetinə verdiyi müsahibədə Eymes casusluğa davamlı maliyyə problemləri səbəbindən başladığını söyləmişdi.
FBI-nin istintaq materiallarına görə, Eymes CIA-nin Virciniya ştatının Lenqli şəhərində yerləşən qərargahında Sovet və Şərqi Avropa üzrə şöbədə çalışarkən KQB ilə əlaqə qurub. Daha sonra Romada və yenidən Vaşinqtonda işlədiyi dövrdə də sirləri ötürməyə davam edib. Bu vaxt ABŞ kəşfiyyat qurumları Moskvaya işləyən casusların niyə ard-arda ifşa edildiyini anlamağa çalışırdı.
Eymesin fəaliyyəti, FBI əməkdaşı Robert Hanssenin casusluğu ilə eyni dövrə təsadüf edib. Hanssen 2001-ci ildə yaxalanmış, 1,4 milyon dollar və almazlar qarşılığında Rusiyaya məlumat ötürdüyü müəyyən edilmişdi. O, 2023-cü ildə həbsxanada vəfat edib.
Eymesin həyat yoldaşı Rosario Eymes də casusluğa kömək ittihamı ilə günahını etiraf edib və 63 ay müddətinə azadlıqdan məhrum edilib.
















