ABŞ-ın Türkiyəyə səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrack bildirib ki, Suriya müvəqqəti rəhbərliyi və kürd koalisiyası “Suriya Demokratik Qüvvələri” (SDF) liderləri mövcud atəşkəs rejiminə tam riayət etməkdə qərarlıdırlar.
Barrack yanvarın 18-də Suriya Demokratik Qüvvələri ilə Suriya hökuməti arasında imzalanan razılaşmanın icrasına ABŞ-ın güclü dəstək verdiyini vurğulayıb və qeyd edib ki, bütün tərəflər üçün ilkin və vacib addım mövcud atəşkəsin tam təmin edilməsidir.
Xüsusi elçi ABŞ-ın Dəməşq ilə kürd birləşmələri arasında etimadın qurulması üzərində işlədiyini də diqqətə çatdırıb.
Yanvarın 20-də Barrack bildirib ki, Vaşinqton artıq hesab etmir ki, Suriya Demokratik Qüvvələri ölkədə İslam Dövləti (qadağan olunmuş terror təşkilatı, İŞİD) ilə mübarizədə əsas rol oynamalıdır. ABŞ ölkədə uzunmüddətli hərbi iştirak saxlamağı hədəfləmir.
Qeyd edək ki, əvvəlcə Suriya müvəqqəti prezidenti Əhməd əl-Şaraa kürd birlikləri ilə atəşkəs razılaşmasını təsdiqləyib. Razılaşmaya əsasən:
– Deyr əz-Zor və Rakka qubernatorluqları tamamilə Suriya müvəqqəti hökumətinin nəzarətinə keçir;
– Əl-Həsəkə qubernatorluğundakı bütün kürd mülki qurumlar Suriya hökumətinə daxil ediləcək;
– Suriya ordusu bölgədəki bütün sərhəd keçid məntəqələri və neft-qaz sahələrinin təhlükəsizliyini təmin edəcək.
















