ABŞ Prezidenti Donald Tramp İranın müharibəni dayandırmaqla bağlı cavabını “qəbuledilməz” adlandırsa da, Tehran Vaşinqtonun təklifini “təslim olmaq” kimi qiymətləndirərək rədd edib.
Çağdaş.Az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Tehran rəhbərliyi bunun əvəzində ABŞ-dan bir sıra tələblərin yerinə yetirilməsini istəyib. Bunlara İrana müharibə təzminatının ödənilməsi, Hörmüz boğazı üzərində İranın suverenliyinin tam tanınması, sanksiyaların ləğvi və dondurulmuş İran aktivlərinin geri qaytarılması daxildir.
İran dövlət televiziyasının məlumatında bildirilir ki, ABŞ-ın təqdim etdiyi plan Tehran tərəfindən “təslimiyyət” kimi qiymətləndirilib və qəbul edilməyib.
Yarı-rəsmi “Tasnim” xəbər agentliyi isə yazıb ki, İran cavabında ABŞ-ı dəniz blokadasını dayandırmağa, yeni hücumların olmayacağına dair zəmanət verməyə və İran neftinin satışına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
İranlı rəsmilərdən biri Trampın cavabı “qəbuledilməz” adlandırmasına münasibət bildirərək deyib: “Trampın reaksiyası heç nəyi dəyişmir. Əgər narazıdırsa, bu daha yaxşıdır. İranda heç kim Trampı razı salmaq üçün plan qurmur. Danışıqlar heyəti planları yalnız İran xalqının maraqları əsasında hazırlayır. Tramp həqiqətləri qəbul etmir və buna görə də İran qarşısında davamlı şəkildə məğlub olur.”
Qeyd olunur ki, İran öz cavabını Pakistan vasitəsilə ABŞ tərəfinə çatdırıb.
Tramp isə daha əvvəl açıqlamasında demişdi: “İranın guya ‘nümayəndələrindən’ gələn cavabı oxudum. Heç xoşuma gəlmədi. Bu, qətiyyən qəbul edilə bilməz.”
















