ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Avropanın milli təhlükəsizliyi baxımından Qrenlandiya qorunmalıdır və Çinlə Rusiyanın bu ərazini ələ keçirməsinə imkan verilə bilməz.
Cagdas.az xəbər verir ki, Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Tramp Qrenlandiya ilə bağlı mövqelərinin dəyişmədiyini vurğulayıb. O, bu əraziyə “sahib olmaq” istədiklərini bir daha təkrarlayaraq, bununla Avropa ölkələrinə yaxşılıq etdiklərini iddia edib.
“Qrenlandiyada Rusiyanı da, Çini də görmək istəmirik. Əgər biz Qrenlandiyanı nəzarətə götürməsək, sizin qonşunuz Rusiya və ya Çin olacaq. Bu isə baş verməyəcək,” – deyə Tramp bildirib və bu məsələdə qəti mövqedə olduqlarını qeyd edib.
ABŞ Prezidenti çıxışında həmçinin deyib:
“Çin və ya Rusiyanın Qrenlandiyanı işğal etməsinə icazə verə bilmərik. Eyni şəkildə, Çin və ya Rusiyanın Venesuelanı işğal etməsinə də imkan vermərik. Əgər biz bu addımları atmasaydıq, bu gün Venesuelada Çin və ya Rusiya olardı.”
Tramp Danimarka ilə Qrenlandiya məsələsində razılığa gəlmək istədiyini bildirib. Onun sözlərinə görə, razılaşma əldə olunmazsa, “zorakı variantı” da istisna etmirlər.
“Mən olmasaydım, NATO olmazdı”
Tramp əlavə edib ki, əgər özü prezident olmasaydı, NATO ciddi problemlərlə üzləşərdi. O, alyansı tam şəkildə dəstəklədiyini vurğulayaraq belə deyib:
“NATO-nu mən xilas etdim. Əgər mən olmasaydım, bu gün NATO adlı bir qurum da olmazdı.”
Qeyd edək ki, Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiya daha əvvəl ABŞ-dən gələn və suverenliyin ötürülməsini nəzərdə tutan təklifləri rədd etmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen isə yanvarın 5-də ABŞ-nin NATO müttəfiqinə qarşı hərbi addım atacağı təqdirdə bunun münasibətlərin sonu olacağını bildirmiş və Trampın “Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacımız var” fikirlərini sərt tənqid etmişdi.
Trampdan İrana xəbərdarlıq
İranla bağlı suala cavab verən Tramp ölkədə vəziyyətin ciddi olduğunu deyib. Onun sözlərinə görə, İran xalqı bəzi şəhərlərdə nəzarəti ələ almağa başlayıb və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü.
Tramp etirazçıların təhlükəsizliyinin vacib olduğunu vurğulayaraq İran rəhbərliyinə açıq xəbərdarlıq edib:
“İranlı liderlərə deyirəm: atəş açmasanız yaxşı olar, çünki biz də atəş açmağa başlaya bilərik.”
ABŞ Prezidenti “İranı vura bilərik” ifadəsi ilə Amerika əsgərlərinin bu ölkəyə daxil olmasını nəzərdə tutmadığını, lakin nümayişçilərə qarşı zorakılıq davam edərsə, Vaşinqtonun ciddi addımlar ata biləcəyini bildirib./AA/
















