Tuncelidə gecə saatlarında səmada qəfil parlaq bir işıq görünüb, ardınca isə güclü partlayış səsi eşidilib. Hadisə şəhər mərkəzi ilə yanaşı bəzi rayonlarda da hiss olunub. Səmanı işıqlandıran həmin parıltı təhlükəsizlik kamerasına da düşüb.
Cagdas.az-ın yaydığı məlumata görə, gecə vaxtı Tunceli şəhər mərkəzi və ətraf rayonlarda səmada ani bir işıqlanma baş verib. Bu parlamadan dərhal sonra şiddətli partlayış səsi yayılıb. Qısa müddət ərzində ətrafı işıqlandıran bu görüntü şəhər mərkəzindəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda işığın ətrafı bir anlıq işıqlandırdığı aydın görünür. Hadisədən sonra sosial şəbəkələrdə “Tunceliyə meteor düşüb” iddiaları ilə paylaşımlar edilib. Lakin parlaq işığın nə olduğu ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər./Haber Global/


