Türkiyənin Şam Beynəlxalq Hava Limanına yerləşdirdiyi radar sistemi İsraildə narahatlıq yaradıb.
Cagdas.az xəbər verir ki, Türkiyə Şam Beynəlxalq Hava Limanında müasir radar sistemi quraşdırıb. Qərbli mənbələrin məlumatına görə, bu addım İsrailin Suriya hava məkanındakı manevr imkanlarını məhdudlaşdıra bilər.
Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN tərəfindən istehsal olunan HTRS-100 Hava Hərəkətinə Nəzarət Radar Sistemi son günlərdə Şam hava limanında istismara verilib. Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz bu addımı Suriya paytaxtının əsas hava nəqliyyatı infrastrukturunun ciddi şəkildə gücləndirilməsi kimi qiymətləndirib.
Radar sisteminin texniki imkanları
Menzil: təxminən 150–200 kilometr
İmkanlar: hava limanı ətrafındakı bütün hava obyektlərinin yüksək dəqiqliklə aşkarlanması və izlənməsi
Texnologiya: maksimum etibarlılıq və performans üçün qabaqcıl inteqrasiya olunmuş sistemlər
İsraildə narahatlıq: “Hərəkət azadlığımız risk altındadır”
Qərb kəşfiyyat mənbələri bu radarın İsrailin Suriyada həyata keçirdiyi hava əməliyyatlarına ciddi təsir göstərə biləcəyini bildirir. Son bir il ərzində İsrail Suriya hava məkanından həm ölkə daxilindəki, həm də İranla əlaqəli hədəflərə zərbələr endirmək üçün geniş şəkildə istifadə edib.
İsrailli yüksək rütbəli təhlükəsizlik rəsmisi Türkiyənin Suriyada hərbi hava bazası qurmaq ehtimalını potensial təhlükə adlandıraraq bildirib:
“Əgər Türkiyə Suriyada hava bazası yaratsa, bu, İsrailin bölgədəki hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırar. Bu, bizim üçün qəbuledilməz bir riskdir.”
Bununla yanaşı, Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi Şam Beynəlxalq Hava Limanında quraşdırılan radarın yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğunu və hərbi xarakter daşımadığını açıqlayıb./Haberglobal/


