Son dəqiqə

Ukrayna gələn il Aİ-yə qoşula bilər – Sülh sazişinə əsasən

Dünya

Brüsselin dəstəklədiyi bu addım ittifaqın yeni üzvləri qəbul etmək yanaşmasını kökündən dəyişəcək

Rusiya müharibəsini dayandırmaq üçün aparılan danışıqlarda Brüsselin dəstəklədiyi təklifə əsasən, Ukrayna gələn il Avropa İttifaqına qoşula bilər. Bu, Avropa İttifaqının yeni üzvlərin qəbulu ilə bağlı ənənəvi yanaşmasını dəyişdirəcək bir addım kimi qiymətləndirilir.

Cagdas.az bildirir ki, “Financial Times”a danışan mənbələrin sözlərinə görə, Ukrayna və Avropa rəsmilərinin Vaşinqtona təqdim etdikləri sülh təklifinin son layihəsində Aİ-yə üzvlük tarixi kimi 1 yanvar 2027-ci il göstərilib.

Bu plan Tramp administrasiyasının müharibəni bitirmək məqsədilə irəli sürdüyü, lakin Kiyev və onun Avropadakı müttəfiqləri tərəfindən Rusiyanın xeyrinə hesab edilən əvvəlki təkliflərin yenidən işlənmiş versiyasıdır.

Sənədin son versiyası Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə Milad bayramına qədər sülh sazişini razılaşdırmaq üçün təzyiqləri artırdığı bir vaxtda ortaya çıxıb.

Ukraynanın Aİ ambisiyalarını dəstəkləyən rəsmilər bildirirlər ki, Avropa Komissiyası artıq Kiyevin üzvlüyü üçün nəzərdə tutulan bu sürətli qrafikə qarşı çıxmaqla sülh prosesini pozmamalı olduğunu başa düşür.

Halbuki Ukrayna hələ də Aİ-nin 30-dan çox danışıqlar fəslindən heç birini rəsmi olaraq tamamlamayıb və belə bir qrafik İttifaqın “ləyaqətə əsaslanan” (namizədin öz göstəricilərinə görə qəbulu) yanaşmasını alt-üst edəcək.

Sülh planı ilə tanış olan mənbələr qeyd edirlər ki, bu vəziyyət Brüsseli genişlənmə prosesini, o cümlədən Aİ fondlarına çıxış vaxtı və səsvermə hüququ kimi məsələləri yenidən nəzərdən keçirməyə məcbur edəcək.

“Ukraynanın 1 yanvar 2027-ci ildə Aİ-nin tamhüquqlu üzvü olması ehtimalı sıfıra bərabərdir” – deyə Avrasiya Qrupunun Avropa üzrə direktoru Müctəba Rəhman bildirib.

“Lakin bu öhdəlik Ukraynanın Aİ iddialarına yeni nəfəs verə bilər və siyasətçiləri Ukraynanın qəbulu prosesini sürətləndirmək üçün daha yaradıcı yollar tapmağa məcbur edər,” – deyə o əlavə edib.

Yeni üzvün qəbulu ilə bağlı hər hansı qərar Aİ-nin 27 milli hökumətinin hamısı tərəfindən dəstəklənməlidir. ABŞ-nin bu sülh planını dəstəkləməsi isə o deməkdir ki, Tramp indiyə qədər Ukraynanın üzvlük prosesini ləngidən Macarıstan lideri Viktor Orbanı vetosundan imtina etməyə məcbur edə bilər.

Zelenski cümə axşamı Kiyevdə jurnalistlərə açıqlamasında deyib: “Ukraynanın gələcək Aİ üzvlüyü məsələsi böyük ölçüdə avropalılardan, əslində isə həm də amerikalılardan asılıdır”.

O əlavə edib: “Əgər biz Ukraynanın nə vaxt Aİ üzvü olacağını dəqiqləşdirən bir razılaşma əldə etsək, bu razılaşmanın tərəfi kimi amerikalılar əllərindən gələni edəcəklər ki, Avropadakı yolumuz nüfuz dairələrində olan digər ölkələr tərəfindən bloklanmasın”.