Cagdas.az -ın xəbərinə görə, İctimai Birliyin sədri Sevinc Fədai bildirib ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan əsas hüquq və azadlıqları uşaqlara onların yaş xüsusiyyətlərinə uyğun, sadə və anlaşıqlı dildə çatdırmaq, erkən yaşlardan hüquqi düşüncənin, vətəndaşlıq məsuliyyətinin və hüquq mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Təqdim olunan ilk videoçarxda Azərbaycan Respublikasının Konstitusiyası haqqında ümumi məlumat verilir, Konstitusiyanın cəmiyyət və dövlət həyatındakı rolu, insanların hüquq və azadlıqlarının qorunmasındakı əhəmiyyəti uşaqların asan qavraya biləcəyi dildə izah olunur.
Layihə çərçivəsində ümumilikdə Konstitusiyanın uşaqlar üçün əhəmiyyət daşıyan müddəalarını əhatə edən silsilə maarifləndirici videoçarxlar hazırlanıb. Hər bir video uşaqların diqqətini cəlb edəcək vizual həllər və sadə izah üsulu ilə təqdim edilir. Məqsəd hüquqi məlumatların formal şəkildə deyil, uşaqların maraq göstərərək öyrənə biləcəyi formatda çatdırılmasıdır.
Layihənin mətnləri yazıçı-jurnalist Tural Cəfərov tərəfindən uşaqlar üçün sadələşdirilərək hazırlanıb, videoçarxların səsləndirilməsi isə tanınmış televiziya aparıcısı Vüsal Murtuzəliyev tərəfindən həyata keçirilib.
Layihə çərçivəsində hazırlanmış videoçarxlar sosial media platformalarında və müxtəlif maarifləndirici tədbirlərdə təqdim olunacaq, eyni zamanda məktəblərdə, təhsil müəssisələrində və uşaqlarla çalışan təşkilatlar üçün faydalı resurs kimi istifadəyə veriləcək.
“Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi hesab edir ki, uşaqların hüquqi savadlılığının artırılması, onların hüquq və vəzifələrini erkən yaşlardan dərk etməsi gələcəkdə daha məsuliyyətli, fəal vətəndaşların yetişməsinə mühüm töhfə verəcək.
Təşkilat valideynləri, müəllimləri və ictimaiyyəti videoçarxı izləməyə, paylaşmağa və uşaqların hüquqi biliklərinin inkişafına dəstək olmağa dəvət edir.(ölkə.az)
















