Son dəqiqə

Vaşinqtondan hərbi addım: ABŞ donanması Orta Şərqdə

Dünya

ABŞ mediasının yaydığı məlumata görə, Pentaqon USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin və onun zərbə qrupunun Cənubi Çin dənizindən Orta Şərqə yola salınması barədə göstəriş verib.

Çağdaş.az xəbər verir ki, İranda dekabrın 28-dən bəri davam edən etirazlardan sonra Vaşinqtonun Tehran rəhbərliyi üzərində təzyiqi artıb. ABŞ Prezidenti Donald Trampın mümkün müdaxilə ilə bağlı açıqlamalarından sonra ABŞ administrasiyası bölgədəki hərbi mövcudluğunu gücləndirmək qərarı verib. ABŞ mətbuatının məlumatına əsasən, bu çərçivədə Pentaqon USS Abraham Lincoln və ona bağlı zərbə qrupunun Orta Şərqə yönəldilməsini tapşırıb.

ABŞ-ın The Wall Street Journal qəzeti yazır ki, Trampın oktyabr ayında USS Gerald R. Ford təyyarədaşıyan gəmi qrupunu Aralıq dənizindən Karib hövzəsinə göndərmək qərarı hazırda İrana qarşı mümkün hərbi əməliyyatda iştirak edəcək aviadaşıyıcı qrupların bölgədə olmaması anlamına gəlir. Qəzet vurğulayır ki, bu vəziyyət Tehranla əvvəlki gərginlik dövrlərindən fərqlənir.

Nəşr ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinə istinadla bildirir ki, hazırda Karib dənizində 12, Orta Şərqdə isə 6 ABŞ döyüş gəmisi yerləşdirilib.

ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına 4 milyon kvadrat mildən çox ərazi daxildir. Bu bölgə Şimali-Şərqi Afrika, Orta Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edir və Misir, İraq, Əfqanıstan, İran və Pakistan daxil olmaqla 21 ölkəni əhatə edir./Haberglobal/