“Microsoft” korporasiyası Windows əməliyyat sistemində 200-dən çox təhlükəsizlik boşluğunu aşkar edərək aradan qaldırıb.
Cagdas.az xəbər verir ki, bu barədə “PCWorld” nəşri məlumat yayıb.
Məlumata görə, şirkət iyunun əvvəlində ənənəvi aylıq “Patch Tuesday” (Yenilənmə çərşənbəsi) çərçivəsində təhlükəsizlik yeniləməsini təqdim edib. Yeniləmə nəticəsində Windows ailəsinə daxil olan sistemlərdə ümumilikdə 206 zəiflik aradan qaldırılıb. Bu göstərici 2025-ci ilin oktyabrında qeydə alınmış 175 zəiflik rekordunu da keçib.
“Microsoft”un hesabatında bildirilir ki, aşkar edilən 118 təhlükəsizlik boşluğu hələ də dəstəklənən Windows versiyalarına aiddir. Aktiv şəkildə istifadə olunduğu müəyyən edilən yeganə kritik zəiflik isə CVE-2026-41091 identifikatorlu sistem boşluğudur. Bu problem Microsoft Defender ilə bağlıdır və hücumçulara sistemə daxil olaraq yüksək icazələr əldə etməyə imkan verə bilər.
Bundan başqa, 54 təhlükəsizlik boşluğu Microsoft Office xidmətlərində aşkarlanıb. Qeyd olunub ki, bu göstərici əvvəlki ayla müqayisədə iki dəfə artıb.
Mütəxəssislər istifadəçilərə Windows-un “Windows Security” bölməsi vasitəsilə yeniləmələri mütəmadi yoxlamağı tövsiyə ediblər.
Xatırladaq ki, daha əvvəl XDA nəşri Microsoft-un illərdir tam həll edə bilmədiyi Outlook, “Weather” (Hava proqnozu), Clipchamp və Microsoft 365 kimi xidmətlərdə də müəyyən problemlərin mövcud olduğunu bildirmişdi.(sfera.az)
















